Accessibility links

Cəmil Həsənli: Bu gün Azərbaycan kəskin siyasi, iqtisadi, maliyyə və mənəvi böhranın içərisindədir


Cəmil Həsənli ilə müsahibə
please wait

No media source currently available

0:00 0:19:35 0:00

Görkəmli tarixçi-alim, Milli Şuranın sədri Cəmil Həsənli Vaşinqtonda yerləşən Vudro Uilson Mərkəzi tərəfindən 2015 İon Ratiu beynəlxalq mükafatının qalibi elan edilib. Cəmil Həsənli Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibə zamanı nüfuzlu mükafatın önəmi, Azərbaycanda mövcud siyasi durum, ABŞ-ın Azərbaycanla bağlı siyasəti və siyasi məhbusların azad edilməsi üçün göstərilən beynəlxalq təzyiqlərdən danışıb.

Bu mükafat üzərimizə əlavə öhdəliklər qoyur

Cəmil Həsənli nüfuzlu mükafatın Azərbaycanda demokratiya istiqamətində işə verilən yüksək qiymət olmaqla yanaşı, onun gətirdiyi məsuliyyəti qeyd edib: “İon Ratiu demokratiya mükafatı 2005-ci ildə təsis edilib. İndiyə qədər bunu 10 nəfər alıb. Bu 10 nəfərin hamısı öz ölkəsində demokratiya, insan haqları, seçkilərin azad və ədalətli keçirilməsi və digər demokratik təsisatlar uğrunda əmək vermiş, mübarizə vermiş, cəmiyyətə nümunə vermiş insanlardır....

"Uzun müddət biz elə bilirdik ki, müstəqil olmaq elə azad olmaq deməkdir. Sonra bəlli oldu ki, müstəqil olmaq hələ azad olmaq demək deyil. Azadlıq üçün əlavə bir mübarizəyə ehtiyac var və bu mübarizə davam edir”-Cəmil Həsənli

Biz Azərbaycanda nələri isə edəndə, hansısa bir fəaliyyətlə məşğul olanda biz bunun qarşılışığını gözləmirik ki, bu, hansısa mükafata layiq görüləcək, qiymətləndiriləcək, qiymətləndirilməyəcək. Bu bizim gündəlik işimizdir. Öz xalqımız, ölkəmiz, vətənimiz qarşısında gündəlik işimizdir. Və bu bizim vicdan borcumuzdur. Amma bizim fəaliyyətimizin, Milli Şuranın apardığı mübarizənin, onun rəhbəri olaraq mənim gördüyüm işlərin beynəlxalq diqqət mərkəzində olması bizim üçün önəmli bir hadisədir...Əlbəttə, bu, bir stimul oldu. Bu mükafat bizim üzərimizə əlavə öhdəliklər qoyur. Və apardığımız işlər, başladığımız işlər, öz vətənimizin azad və ədalətli bir cəmiyyətə qovuşması üçün bir şeylər etməyi zəruri edir. Uzun müddət biz elə bilirdik ki, müstəqil olmaq elə azad olmaq deməkdir. Sonra bəlli oldu ki, müstəqil olmaq hələ azad olmaq demək deyil. Azadlıq üçün əlavə bir mübarizəyə ehtiyac var və bu mübarizə davam edir.”

Gedəcəyimiz yol demokratiyadır

Cəmil Həsənli deyib ki, mükafat həm də Azərbaycanda demokratların düzgün yol getdiyinin göstəricisidir. “Milli Şura olaraq Azərbaycanda demokratiya uğrunda mübarizə aparmaqda qərarlıyıq. Bilirsiniz ki, bizim ölkəmizdə siyasi məhbus məsələsi kritik həddə çatıb. Mən Milli Şura sədri olmaqla yanaşı, həm də Leyla Yunus və digər məhbusların müdafiə komitəsinin sədriyəm. Bu gün onların sayı 100 ətrafındadır. Əvvəllər Azərbaycanda siyasi məhbusların sayı Rusiya və Belorusiya ilə müqayisə olunurdu, amma indi Azərbaycan Rusiya və Belorusiyanın birlikdə olduğundan da çox siyasi məhbus saxlayan ölkədir. Bu siyasi məhbuslara dəstək vermək lazımdır. Cəmiyyətin demokratikləşməsi üçün iş görmək lazımdır. Gedəcəyimiz yol demokratiyadır və xalqımızın azadlığı, firavanlığı, normal həyata qovuşması ancaq demokratik zəmində mümkündür."

Təqiblər

Cəmil Həsənli qarşılaşdığı təqiblərdən danışıb: “Mən 10 il Milli Məclisin üzvü olmuşam və həmişə vətənimiz, dövlətimiz, millətimiz üçün faydalı olan şeyləri demişəm. Bu sözlərin deyilməsi bir çoxları tərəfindən normal qəbul edilmir. Biz 2009-cu ildə Ziyalılar Forumu yaratdıq. Bizim ayrı bir siyasi istəyimiz yox idi. İstəyimiz o idi ki, cəmiyyətin gözlədiyi islahatları hakimiyyət həyata keçirsin və bu məsələlərlə bağlı hakimiyyətə çağırışlar etdik. Bu gün məcburiyyət ucbatından atılan bəzi addımları biz hələ 2009-cu ildən etibarən başladıq təklif etməyə. Siyasi, iqtisadi reformalar, sosial reformalar həmin vaxtlar keçirilsəydi, biz indi onun bəhrəsini görə bilərdik və bu cür böhranla qarşılaşmazdıq.

"İnsan haqları, demokratiya ilə bağlı məsələlər artıq ayrı-ayrı ölkələrin öz daxili işi deyil, bu, beynəlxalq hüququn, beynəlxaq münasibətlərin universal prinsipləridir"-Cəmil Həsənli

​Bu gün Azərbaycan kəskin siyasi böhranın içərisindədir, siyasi, iqtisadi, maliyyə, mənəvi böhranın içərisindədir və bu böhran hər tərəfdən sanki Azərbaycanı əhatəyə almışdır. Amma bu böhranın çox kiçik bir hissəsi obyektiv səbəblərlə bağlıdır. Bunun böyük bir hissəsi subyektiv səbəblərlə bağlıdır. Cəmiyyətdə qorxu mühitinin yaradılması heç cür problemlərdən çıxış yolu ola bilməz. Biz indi hər gün kiminsə həbs olunduğu haqda məlumatlar alırıq. Hakimiyyətdə belə bir fikir formalaşıb ki, cəmiyyətdə qorxu altında saxlamaq üçün hər həftə həbslər olmaldır.

"Gedəcəyimiz yol demokratiyadır və xalqımızın azadlığı, firavanlığı, normal həyata qovuşması ancaq demokratik zəmində mümkündür"-Cəmil Həsənli

Bu, 37-ci il sindromudur. Bir vaxt Sovet İttifaqında 37-ci ildə belə bir metod sınaqdan çıxarılıb. Yuxarıdan planlar gəlirdi, bunlara Stalin siyahıları deyilirdi və çox hay-küylü həbslər keçirilirdi. Bu həbslərdə kiminsə günahı olub-olmaması mühüm deyildi, mühüm olanı o idi ki, adam həbs olunmalı idi və insanlar görməli idi ki, adam həbs olunur. Sanki bizdə ölkəmizdə elə bir istehsal sahəsi qurulmadı, insanları tutmaq, günahsız insanları tutmaq elə bil həbs istehsal etmək sənayesi kimi cəmiyyətə təqdim olunur və bu, çox pis tendensiyadır. Məsələn, iki gün əvvəl Leyla Yunus buraxıldı, eyni zamanda həmin gün Fuad Qəhrəmanlı həbs olundu. Ondan qabaq Xalq Cəbhəsindən Asif Yusifli həbs olunmuşdu, ondan qabaq Seymur Həzi həbs olunmuşdu. Seymurdan sonra Xədicə həbs olunmuşdu, İntiqam, Anar, İlqar, Tofiq, Rəsul Cəfərov, bizim NİDA-çı dostlarımız, Rauf Mirqədirov, jurnalistlər, blogerlərı. Bunların böyük bir dəstəsi var və onların sayı 100-ə yaxındır. Bütün bunların arxasında duran bir məqsəd var: cəmiyyətin gözünü qorxutmaq. Heç kəs arxayın olmasın; “biz əgər Leylanı buraxırıqsa, onun yerini boş qoymuruq, onun kamerasında yatacaq kimisə həbs edirik. Müasir Azərbaycan cəmiyyətinin belə bir acınacaqlı təqdimatı var və Kürdəxanı bu gün Azərbaycan cəmiyyətinin qorxunc bir simvoluna çevirilib. Necə ki Stalin dövrünün öz simvolik həbsxanaları var idi, bu gün Azərbaycanda da Kürdəxanı bütövlükdə ictimai fikirdə, beynəlxalq aləmdə Azərbaycanın bir həbs simvolunha çevrilib.”

ABŞ-ın bəyanatları müsbət tendensiyadan xəbər verirmi?

Cəmil Həsənli ABŞ Dövlət Departamenti və beynəlxalq ictimaiyyətin Yunusların azadlığa buraxılması ilə bağlı verdiyi bəyanatların müsbət tendensiya əlamətinə işarə ilə bağlı sualı cavablandırıb: “Dövlət Departamentinin təbrikinə gəlincə, təbrik edəcək bir şey görmürəm. Bir az qəribəlik var. Günahı olmayan insanları tut, onları ölümcül vəziyyətə sal və həbsxanada yox, evdə ölsün deyə onu həbs yerindən burax, ölüm təhlükəsi ilə qarşılaşan, fiziki cəhətdən artıq dözümsüz bir vəziyyətdə gələn insanlar həbsdən azad olunur və əvəzində də təşəkkür edilir, bütün bu qanunsuzluqları edənlərə təşəkkür edilir. Belə çıxır ki, bu insanları tutub onara əzab-əziyyət vermək yaxşı şeydir. Adam əgər buna görə təşəkkür alacaqsa, bu müamiləni nə üçün etməsin?

"Bu, 37-ci il sindromudur. Bir vaxt Sovet İttifaqında 37-ci ildə belə bir metod sınaqdan çıxarılıb"-Cəmil Həsənli

Mən hesab edirəm ki, Leyla da, Arif də yatdıqları həbs müddətində şikəst edildilər. Mən əmin deyiləm ki, Leyla xanım sağlamlığını bərpa edəcək. Fiziki cəhətdən adam şikəst edilir, adam nahaqdan tutulur, adam qanunsuz tutulur və nəticə etibarilə həbs yerindən azad edilməyinə görə bu ədalətsiz işi görənlər təşəkkür alır. Mən bunu doğru-düzgün addım, ədalətli addım hesab etmirəm. Əslində, Leyla və Arif Yunusları bu vəziyyətə salan, onları fiziki cəhətdən şikəst edən məhkəmə, istintaq orqanları, cəzaçəkmə yerləri və siyasi sifariş verənlər məhkum edilməlidirlər.”

Amerikanın Azərbaycanda siyasəti böhran keçirir

Cəmil Həsənli Yunusların azad edilməsində beynəlxalq təzyiqlərin rolu olduğunu deyib: “Beynəlxalq hüquq-müdafiə təşkilatlarına Azərbaycanda yaranmış bu acınacaqlı vəziyyətə biganə qalmadıqlarına görə təşəkkürümü çatdırmaq istəyirəm. Bir sıra siyasi dairələrdə elə bir fikir yaranıb ki, bu şeyləri kabinetlərdə həll etmək lazımdır, ikitərəfli danışıqlarda və səs-küylü tələblər irəli sürmək lazım deyil, bunu səssiz-küysüz, xahiş etməklə həll etmək lazımdır. Əvvəla, ötən dövr, Azərbaycanda siyasi məhbusların böyük ordusunun yaranmasna gedən yol təsdiq etdi ki, bu yol doğru yol deyil. Doğrü işi, haqq bildiyiniz işi gizli niyə görməliyik? Siyasi məhbuslar bilmədir ki, onlara beynəlxalq dəstək var. İnsan haqları, demokratiya ilə bağlı məsələlər artıq ayrı-ayrı ölkələrin öz daxili işi deyil, bu, beynəlxalq hüququn, beynəlxaq münasibətlərin universal prinsipləridir...

"Qarabağ məsələsində biz artıq bir ədalətsizliklə qarşılaşmışıq: işğalçı ilə işğalın qurbanının eyniləşdirilməsi. İndi siyasi məhbus məsələsində ədalətsiz hərəkət edib tutanla, mənəvi cəhətdən sağlam olan və cəmiyyət üçün yararlı olan insanların hüquqları və əməllərini eyniləşdirmək olmaz"-Cəmil Həsənli

Demokratiyanı, insan haqlarını özü üçün prioritet hesab edən dövlətlər də bunu gur səslə bildirməlidir. Qarabağ məsələsində biz artıq bir ədalətsizliklə qarşılaşmışıq: işğalçı ilə işğalın qurbanının eyniləşdirilməsi. İndi siyasi məhbus məsələsində ədalətsiz hərəkət edib tutanla, mənəvi cəhətdən sağlam olan və cəmiyyət üçün yararlı olan insanların hüquqları və əməllərini eyniləşdirmək olmaz və günahsız tutulan adamlara görə kimlərəsə təşəkkür etmək olmaz. Bunu stimula çevirmək olmaz. Bu, yanlış addımdır. Məhz belə bir addımın nəticəsidir ki, Amerikanın Azərbaycanda siyasəti böhran keçirir. “

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG