Accessibility links

Cəmil Həsənli: Zərdabi sağ olsaydı, Kürdəxanıda Xədicə ilə qonşu kamerada binagüzarlıq edəcəkdi


Cəmil Həsənli
Cəmil Həsənli

Milli Şuranın sədri, professor Cəmil Həsənli Milli Mətbuat Günü münasibəti ilə məqalə yazıb.

Həsənli Facebook səhifəsində yaydığı məqaləsində Azərbaycan milli mətbuatının 140 ildə keçdiyi yolu təhlil edir.

Məqaləni təqdim edirik:

Sabah mətbuat günüdür.

"Əkinçi”nin yarandığı o mübarək gündən 140 il ötür. Qələminə və peşəsinə sadiq qalan jurnalistlərin sayı çox azalıb. Həsən bəy min bir əzabla onu ərsəyə gətirmişdi. Ənənə yaratdı, qələmin müqəddəs vəzifəsini millətin maraqlarına tabe edə bildi. ”Əkinçi”nin səhifələrində o yazırdı:

Qələminə və peşəsinə sadiq qalan jurnalistlərin sayı çox azalıb.

Cəmil Həsənli

“Ey millət təəssübü çəkən qardaşlar...Ey elm təhsil edən cavanlarımız!!! İnsaf deyil ki, beş gün ömrün ləzzətindən ötrü milləti, qardaşlarınızı atıb, onları kor və sərgərdan qoyasınız. Pəs ləzzəti-dünyaya tamah etməyib öz qardaşlarınızı əməli-xeyrə vadar edin, qoy şüəralar sizi həcv etsin, mollalar lənət oxusun, əhamünnas daşa bassın, siz millət üçün zəhmət çəkirsiniz və başəkk, gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaqlar”.

Həsən bəy

milli tərəqqinin yolunu azadlıqda görürdü: rəiyyətin padşahdan, arvadın kişidən, nəfsin tamahdan, uşağın atadan, şagirdin ustadan azadlığında. O, “Əkinçi”də xalqa müraciətən yazırdı:

“Biz öz xahişimiz ilə bir-birimizə qul olmuşuq: rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustada və qeyrə məgər qul deyil? Bəli, biz hamımız quluq ...Xülasə, Məşriq-zəmində azadlıq olmadığından biz Avropa əhlindən geri qalmışıq və nə qədər belə olsa, biz tərəqqi etməyəcəyik və edə bilmərik”.

Xülasə, Məşriq-zəmində azadlıq olmadığından biz Avropa əhlindən geri qalmışıq və nə qədər belə olsa, biz tərəqqi etməyəcəyik və edə bilmərik.

Həsən bəy Zərdabi

“Əkinçi”nin nəşri

ilə öz millətinin tərəqqisində mayaka çevrilmiş bu uca ruh, zəmanəmizdə Avropanı vəsf edən təkcə bu yazısına görə Kürdəxanıya düşə bilərdi. Görünür, vaxtında yaşamaq və vaxtında ölmək də Allahın lütfüdür. Necə ki, bu adam ölümü ilə də, Bakıda ilk dəfə keçirilən ictimai dəfn mərasimi ilə də öz millətin qabağa apardı. Bu millət xadiminin dəfn mərasiminə başçılıq edən Əhməd bəy Ağaoğlu o ruhi-paka xitab edərək dedi:

"Ey ali ruh! Şimdi sən gedirsən ata-babalarımızın, əcdadımızın hüzuruna! Onlara bizdən salam yetirib də bizim bu şikayətimizi de: Ey əcdad, ey babalar! Bizə nə gün qoydunuz?! Bizə nə növ irs qoyub getdiniz?! Stanlarımız xərabə, vilayətlərimiz viranə! Cümlə millətlər arasında sərnigün, xar, zəlil, məqhur, məzlum, əhvalımız pozğun! Günü-gündən tənəzzül edib, günü-gündən puç və zay olmaqdayız! Əlan işimiz, sənətimiz oğurluq, quldurluq, bir-birimizin canına, malına, irzi-namusuna qəsd etmək imiş! Ey kaş nə biz olaydıq, nə böylə irs".

Ey ali ruh! Şimdi sən gedirsən ata-babalarımızın, əcdadımızın hüzuruna! Onlara bizdən salam yetirib də bizim bu şikayətimizi de: Ey əcdad, ey babalar! Bizə nə gün qoydunuz?! Bizə nə növ irs qoyub getdiniz?! Stanlarımız xərabə, vilayətlərimiz viranə! Cümlə millətlər arasında sərnigün, xar, zəlil, məqhur, məzlum, əhvalımız pozğun!

Əhməd bəy Ağaoğlu

“Əkinçi”nin doğum günündə bütün biçinçiləri bir kənara qoyub onun ideallarına, mübarizə əzminə, həbs yerində belə xeyirli əməllərinə sədaqətini saxlayan

Xədicə İsmayılı təbrik edirəm.

Şübhəsiz ki, Zərdabi sağ olsaydı yəqin ki, Kürdəxanıda Xədicə ilə qonşu kamerada binagüzarlıq edəcəkdi. Çünki zəmanəmizdə qələmi ictimai namus anlayışı ilə cilalayanların yolu məhz Kürdəxanıdan keçir. Amma fiziki varlıq mühüm deyil, Xədicə öz mövcudluğu, öz peşəsinə sədaqəti, sözünün ictimai məzmun yükü ilə Zərdabinin işıqlı əməllərini də öz balaca kamerasında yaşada bilir. Mühüm olanı budur.

Mətbuatımızın “baş bilənlərinin” Həsən bəyin adını oyunbazlıq alətinə çevirməsi, söz alverçiləri ilə alış-veriş yapması, “Əkinçi”nin doğum günündə 800 söz çarvadarının təltif təmənnasında olması, tarixin acı bir ironiyasıdır. Halbuki, zamanında “Əkininçi”nin tirajı heç o qədər deyildi. Nə yaxşı ki, Xədicə var, zindanda olsa belə!"

XS
SM
MD
LG