Milli Şuranın sədri Cəmil Həsənli son əfv sərəncamı ilə bağlı şərh yazıb. Onun Facebook səhifəsində dərc etdiyi mövqeyini təqdim edirik:
Dünən elan olunmuş əfv fərmanı 148 nəfərə şamil edilib. Onların 14 nəfəri siyasi məhbus kimi tanınmış şəxslərdir: Tofiq Yaqublu, Anar Məmmədli, Rəsul Cəfərov, Yadigar Sadıqov, Pərviz Həşimli, Hilal Məmmədov, Taleh Xasməmmədov, Nemət Pənahlı, Sirac Kərimov, Rəşadət Axundov, Rəşad Həsənov, Məmməd Əzizov, Ömər Məmmədov, Akif Muradverdiyev. Kiçik istisnalarla mən bu şəxslərin demək olar ki, hamısının məhkəmə proseslərində iştirak etmişəm. Əminliklə deyə bilərəm ki, istisnasız olaraq bu şəxslərin hamısı siyasi mülahizələrlə, saxta ittihamlarla həbs edilmişdilər. Hazırda onlar azadlıqdadırlar və bu dostlarımızı təbrik edir, sevinclərini bölüşürük.
Amma əvf yenə yaraımçılıq oldu. Beynəlxalq insan hüquqları təşkilatları tərəfindən siyasi məhbus kimi tanınmış 97 vicdanlı, namuslu, vətənpərvər, saxta işlərlə həbs edilmiş insanların cəmi 14 nəfəri bu əvfdən yararlana bildi. Eyni ilə üzərində qurama “vətən xaini” ittihamı olan tanınmış jurnalist Rauf Mirqədirovun da məhkəmə zalından şərti cəza ilə azad edilməsi ədalətin yarımçıq bərpasından xəbər verir.
Biz əvvəldən də deyirdik və indi də bu fikirdəyik ki, Xədicə İsmayılı, İlqar Məmmədovu, İntiqam Əliyevi, Seymur Həzini və digərlərini əhatə etməyən əvf siyasi məhbus probleminin həlli sayıla bilməz. Hər bir hüquqi addım elementar ədalət anlayışlarını özündə əks etdirməlidir. Eyni saxta ittihamla mühakimə edilmiş və bütün məhkəmə prosesini birlikdə keçmiş Tofiq bəy əfv olunur, bu akt İlqar Məmmədova şamil edilmir.
Yaxud, “Molotov kokteylini” birgə “hazırlamış” N!DA-cı gənclər İlkin Rüstəmzadə istisna olmaqla azadlığa buraxılırlar. Yeni imzalanmış əfv sərəncamının siyasi məhbus kimi tanınan iki Qarabağ qazisinə - Asif Yusifli və Qadir Xudabaxşiyevə şamil edilməməsi, Xalq Cəbhəsi və inanclı kəsimdən olan məhbusların bu aktdan kənarda qalması, narkotika ittihamı ilə həbsdə saxlanılan bəzi blogerlərin və haqqında Avropa məhkəməsinin qərarı olan Əli İnsanovun nəzərə alınmaması onun humanist məzmununu şübhə altına alır və aktın siyasi mülahizələrlə hazırlandığını nümayiş etdirir.