Seulda fəaliyyət göstərən siyasi təhlilçi deyir ki, Cənubi Koreya ilə Şimali Koreya arasında danışıqlar Pxenyanın nüvə arselanı yaratmasının qarşısını almayacaq. Cənubi Koreya yanvarın 9-da iki ölkənin yüksək səviyyəli rəsmiləri arasında danışıqların keçirilməsini təklif edir. Bu təklif Şimali Koreya lideri Kim Conq Un Yeni İl çıxışı zamanı ölkəsinin bu cür danışıqlara hazır olduğunu və danışıqların nəticəsindən asılı olaraq şimali koreyalı iki fiqurlu konkisürənin fevral ayında Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak etməsinə icazə verəcəyini deyəndən sonra irəli sürülüb.
Çin Şimali Koreya ilə Cənubi Koreyanın bunu münasibətlərini yaxşılaşdırmaq, Koreya yarımadasındakı vəziyyəti sakitləşdirmək və yarımadanı nüvəsizləşdirilmək üçün bir fürsət olaraq görmələrini alqışlayır.Genq Şuanq
Bir cüt şimali koreyalı konkisürən Cənubi Koreyada 2018 Qış Olimpiya Oyunlarında iştirak etməyə haqq qazanıb. Amma belə bir sual yaranır ki, görəsən iki ölkə arasında yaşanan siyasi gərginlik onların yarışmada iştirak etməsinə imkan verəcəkmi. Şimali Koreyanın ikitərəfli danışıqlar çağırışı onu göstərir ki, bu, baş verə bilər. Çərşənbə axşamı Cənubi Koreya qonşusunu Olimpiya Oyunlarında iştirak etməyə həvəsləndirib.
“Biz Şimali Koreya lideri Kim Conq Unu Yeni İl nitqi zamanı idmançılarını Pyeonqçanq Olimpiya Oyunlarına göndərmək və Koreyalar-arası rəsmi danışıqlar aparmaq niyyətini ifadə etdiyinə görə alqışlayırıq. Biz bu addımın bizim Olimpiya oyunlarını iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq üçün bir fürsətə çevirmək təklifinə cavab olduğuna inanırıq," deyə Cənubi Koreya prezidenti Mun Cae-İn bildirib.
Cənubi Koreya sərhəddə yerləşən Panmuncon kəndində iki ölkə arasında yüksək səviyyəli danışıqların keçirilməsini təklif edib. Çin isə bu addımı alqışlayıb.
“Çin Şimali Koreya ilə Cənubi Koreyanın bunu münasibətlərini yaxşılaşdırmaq, Koreya yarımadasındakı vəziyyəti sakitləşdirmək və yarımadanı nüvəsizləşdirilmək üçün bir fürsət olaraq görmələrini alqışlayır,” Çin Xarici İşlər Nazirliyinin sözçüsü Genq Şuanq söyləyib.
Cənubi koreyalı təhlilçi deyir ki, Şimali Koreya, böyük ehtimalla, danışıqlara və fiqurlu konki sürənləri Olimpiya Oyunlarına göndərməyə razılaşacaq, lakin raket sınaqlarını dayandırmağa razılaşmayacaq.
“Əgər Koreya yarımadasındakı əhval-ruhiyyə Şimali Koreyaya qarşı neytral və ya mənfi olsa, yəni nüvəsizləşdirilmə məsələsi gündəmdəki ən əsas yeri tutsa, Şimali Koreyanın oyunlarda iştirak etmək ehtimalı azalacaq,” ASAN Siyasi Araşdırmalar İnstitutundan Qo Myonq-Hyun deyir.
ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi Nikki Heyli çərşənbə axşamı bir daha vurğulayıb ki, Birləşmiş Ştatlar heç vaxt nüvə imkanlarına malik olan Şimali Koreyanı qəbul etməyəcək.
“Biz Şimali Koreyanın növbəti raket sınağına hazırlaşdığı barədə xəbərlər eşidirik və bunun baş verməyəcəyinə ümid edirik. Amma əgər bu baş versə, biz Şimali Koreya rejiminə qarşı daha çox tədbir görməliyik. Sivil dünya bu yaramaz ölkənin nüvə arselanı inkişaf etdirmək niyyətinə qarşı birlik göstərməli və gözüaçıq olmalıdır,” o deyib.
Şimali Koreya beynəlxalq sanksiyalara baxmayaraq raket sınaqları həyata keçirib. Cənubi Koreya isə bu sınaqların fevral ayında keçiriləcək Olimpiya Oyunlarındakı mühiti pozmayacağından əmin olmaq istəyir.