Accessibility links

Cenevrə danışıqları Suriya və Rusiyanın hava hücumlarını gücləndirməsi fonunda başlayır


Cenevrədə çərşənbə axşamı Suriya hökuməti və müxalif qüvvələr arasında altı ildən çoxdur davam edən vətənşdaş müharibəsinə son qoyulması məqsədilə danışıqlar başlayır.

Prezident Bəşar Əl-Əsədin 2011-ci ildə Ərəb baharı zamanı vüsət almış hərəkatı boğması ilə başlamış vətəndaş müharibəsində yarım milyona qədər insan həyatını itirib. Bir sıra regional və qlobal qüdrətlər münaqişəyə son qoymaq üçün müdaxailə edib və onların sülh razılışmasının şərtlərinin müəyyən edilməsində rol oynayacağı gözlənilir.

Suriyanın özündə isə hərbi hava hücumları davam edir.

MT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura Rusiya xarici işlər naziri Sergey Lavrovun çıxışını dinləyir, 24 noyabr 2017
MT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura Rusiya xarici işlər naziri Sergey Lavrovun çıxışını dinləyir, 24 noyabr 2017

Suriyanın İnsan Haqlarını Müşahidə qrupunun bildirdiyinə görə, bazar günü Rusiyanın Suriyanın şərqində İŞİD-in nəzarət etdiyi ərazilərdə keçirdiyi hava hücumları nəticəsində 50-dən çox insan həyatını itirib.

Rəsmi Moskva bombarmançı təyyarələrin hücumlarını təsdiq edib, lakin ölənlərin militantlar olduğunu bildirib.

Rusiyanın 2015-ci ildə müharibəyə müdaxilə etməsi ilə Suriya prezidenti Bəşar Əl-Əsədə sadiq qüvvələrin böyük ərazi itkilərinə son qoyulub.

Qərb ölkələri Əsəd hökumətini mülki vətəndaşlara qarşı bomba hücumları və geniş yayılmış işgəncə halları da daxil olmaqla, insan haqlarını ciddi şəkildə pozmaqda ittiham edir. Lakin onların Əsədin hakimiyyətdən uzaqlaşdırılması tələbləri zəifləyib.

Rusiya prezideni Vladimir Putin və Suriya prezidenti Bəşar Əl-Əsəd Soçidə görüş zamanı
Rusiya prezideni Vladimir Putin və Suriya prezidenti Bəşar Əl-Əsəd Soçidə görüş zamanı

Rusiya 2015-ci ildə Əsəd rejiminə onu hakimiyyətdən salmağa çalışan qüvvələrə qarşı başladığı hava hücumları ilə dəstək verib. Dəməşq habelə İran tərəfindən dəstək alıb. Türkiyə isə Suriyada müxalif qüvvələri dəstəkləyib.

Münaqişənin sona çatıdırılması səylərində rəqib ölkələr sülh prosesinə təsir göstərməyə çalışır. Rusiya keçən həftə Cenevrə prosesindən ayrı olaraq, Qara dənizdə kurort şəhəri Soçidə danışıqlar keçirib. Suriyanın müxalif qrupları arasında sülh prosesinə qoşulub-qoşulmamaq məsələsində fikir ayrılığı mövcuddur.

Ağ Ev bildirib ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin telefon söhbəti zamanı Cenevrə danışıqlarının əhəmiyyətini vurğulayıb.

XS
SM
MD
LG