Accessibility links

Çex Respublikası Rusiyadan təzminat istəyir


Çex Xarici İşlər Nazirliyinin saytında yer alan məlumata görə, Çexiya 2014-cü ildə Rusiyadan Vrbetitsedəki silah-sursat anbarındakı partlayışlara görə təzminat ödəməsini tələb edib.

Çex Respublikası Xarici işlər nazirinin müavini Martin Smolek Rusiya səfiri Aleksander Zmeevskiyə Rusiyanın beynəlxalq məsuliyyətindən və Vrbetitsedəki partlayış nəticəsində dəymiş ziyanın tam ödənilməsi tələbindən bəhs edən nota verib.

İdnes.cz-in verdiyi məlumata görə, Çex rəsmiləri zərərin təqribən 650 milyon kron (təxminən 25,5 milyon avro) olduğunu müəyyənləşdirib.

Smolek Rusiyanın Çex Respublikasını "dost olmayan" ölkələr siyahısına daxil edilməsinin beynəlxalq hüquqa zidd olduğunu da qeyd edib.

Çex Respublikası Maliyyə Nazirliyinin rəhbəri mayın əvvəlində çexlərin Rusiyadan ən azı 1 milyard kron (təxminən 47 milyon dollar) məbləğində təzminat tələb etməyi planlaşdırdığını demişdi. Buraya Çex Respublikasının dövlət büdcəsindən ödənilən sursat partlayışlarından sonra ərazinin təmizlənməsi üçün xərclənən vəsaitlərin təzminatı da daxildir.

Şillerova rəsmilərin beynəlxalq hüquqa uyğun olaraq təzminat tələb edəcəyinə diqqət çəkərək demişdi ki, 2014-cü ildə sursat partlayışları ilə əlaqədar cinayət işi çərçivəsində ödəniş istəsəniz, bu "çox uzun müddət alacaq".
Çex kəşfiyyat xidmətləri Rusiyanın GRU zabitlərinin 2014-cü ilin oktyabrında Vrbetitse kəndindəki sursat anbarındakı partlayışlarda iştirak etdiyini düşünür.

Çex Respublikası Xarici İşlər Nazirliyinin və xüsusi xidmət orqanlarının açıqlamasına görə, təxribat əməliyyatına Rusiyanın Praqadakı səfirliyində Rusiya xüsusi xidmət orqanlarının (Rusiya Federasiyası Baş Qərargahının və SVR) zabitləri tərəfindən diplomatik vəzifədən istifadə edərək nəzarət edilib.

Çexiya rəsmiləri 2014-cü ildə ölkəyə Rusiya pasportları ilə Aleksander Petrov və Ruslan Boşirovun adına daxil olan iki nəfəri axtarışa veriblər. Bunlar Böyük Britaniyada Sergey və Yulia Skripalların 2018-ci ildə Solsberidə zəhərlənməsində şübhəli bilinən insanlardır. Onların əsl adlarının Anatoli Çepiqa və Aleksander Mişkin olduğu iddia edilir.

XS
SM
MD
LG