Accessibility links

AXCP fəalı cərimə kamerasına salınıb


Gənc fəal Fuad Əhmədli növbəti dəfə cərimə kamerasına (karser) salınıb.

Vəkil Əsabəli Mustafayev Facebook səhifəsində yazıb ki, fevralın 6-da Fuad Əhmədli ilə bağlı yeni problem yarandığı üçün Kürdəxanı istintaq təcridxanasında onunla görüşüb.

Qidanın ümumi olmasına və kamerada saxlanılanların hamısının onun qızdırılmasında iştirakına baxmayaraq təqsirkar Fuad Əhmədli bilinib.

“Məlum oldu ki, şənbə günü onu yenə karserə salıblar. Bəhanə ümumi istifadə üçün olan qidanı qızdırarkən kameraya tüstü yayılması olub. Məsələ ondadır ki, bütün kameralara qida qızdırmaq üçün qızdırıcı (elektrik plitkası) verilib, istisna yalnız Fuad Əhmədlinin qaldığı kameradır (plitkanın verilmə şərtlərini bu istintaq təcridaxanasında olanlar bilir). Bu səbəbdən kamerada olanlar qidanı müxtəlif üsullar ilə qızdırmalı olurlar. Bu dəfə tüstü bir qədər çox olub. Qidanın ümumi olmasına və kamerada saxlanılanların hamısının onun qızdırılmasında iştirakına baxmayaraq təqsirkar Fuad Əhmədli bilinib. Şənbə günü səhər karserə salanda ona elan etmişdirlər ki, cəza müddəti 3 gündür. Belə olduqda müddət sabah fevralın 7-də səhər bitməli idi. Lakin nədənsə onu karserdən birisi gün axşam buraxmaq istəyirlər,” vəkil qeyd edir.

Son zamanlar Fuad Əhmədli artıq ikinci dəfədir cərimə kamerasına salınır.

“Karserdə saxlanılması həm də onun səhhətindəki problemləri gücləndirir. Çünki karserə köçürülərkən yalnız əynindəki nazik paltarda olub. Karserdə verilən qida onun səhhətinə ziyandır. Qanunsuz həbsdə saxlanılması kifayət etmir, belə cəzalarla onun vəziyyəti bir az da ağırlaşdırılır,” Mustafayev bildirir.

AXCP fəalı Fuad Əhmədli 2016-cı ilin avqustunda Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Rəsmi məlumatda F. Əhmədli 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülən şəbəkəsi ilə əlaqəli şəxs kimi təqdim edilir. Müdafiə tərəfi ittihamı qəbul etmir.

XS
SM
MD
LG