Çinin Avropa İttifaqındakı səfiri Fo Çon "The New York Times" qəzetinə müsahibəsi zamanı deyib ki, Pekin Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləmir, onu silahla təmin etmir, Krım və Donbas da daxil olmaqla, Rusiyanın ilhaq etdiyi əraziləri rəsmi olaraq tanımır.
Çon prezident Vladimir Putinin keçən ilin fevralında Rusiyanın Ukraynanı işğalından əvvəl Çinə səfərindən sonra Moskva ilə Pekin arasında "sərhədsiz dostluq" bəyanatının "Sərhədsiz [dostluq] ritorikadan başqa bir şey deyil" deyib.
Onun sözlərinə görə, Çin Rusiyanın qonşu ölkəyə hücumunu pisləməyib, belə ki, o, NATO-ya qarşı müdafiə müharibəsi iddialarını başa düşür və hesab edir ki, "əsl səbəblər Qərb liderlərinin dediklərindən daha mürəkkəbdir".
Çin diplomatının bəyanatını Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov şərh edib. Onun sözlərinə görə, Rusiya hökuməti bu ilin martında Moskvada prezident Putin və Çin lideri Si Cinpin arasında baş tutan "təmasların məzmununu və ruhunu" rəhbər tutur.
"Onların qarşılıqlı anlaşmasının bütün konteksti öz əksini iki sənəddə, Rusiya-Çin danışıqları nəticəsində qəbul edilmiş iki imzalanmış bəyanatda tapıb. Sənədlər çox informativdir və gündəmdə olan məsələlərin bütün spektrini tam əhatə edir" - deyə, Peskov bildirib.
Si Cinpin 20-22 mart tarixlərində Moskvaya səfər edib. Kremlin məlumatına görə, görüş zamanı Putin və Si iki strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair birgə bəyanat və bir sıra digər sənədlər imzalayıb.
Danışıqlardan sonra keçirilən mətbuat konfransında Putin Çinin Ukraynadakı müharibə ilə bağlı sülh təşəbbüslərini xatırladıb. Onun sözlərinə görə, bu, "Qərb və Kyiv buna hazır olduqda" nizamlanmanın əsası kimi götürülə bilər.
Si Cinpin də öz növbəsində Çinin Ukraynadakı müharibədə qərəzsiz mövqe tutduğunu, sülh və dialoqun tərəfdarı olduğunu bir daha vurğulayıb.