Accessibility links

Çində baş verən ölümcül zəlzələ milyonlarla dollar dəyərində iqtisadi itkilərə səbəb olub


Bu həftə Çində ən az 147 nəfərin ölümü ilə nəticələnən güclü zəlzələ on milyonlarla dollar dəyərində iqtisadi itkilərə səbəb olub. Bu barədə şənbə günü dövlət mediası məlumat verib.

CCTV dövlət televiziyası xəbər verir ki, Qansu rəsmiləri ilkin qiymətləndirmələr aparıblar və əyalətin kənd təsərrüfatı və balıqçılıq sənayesinə təxminən 74,6 milyon dollar ziyan dəydiyini təxmin ediblər. Xəbərdə deyilir ki, səlahiyyətlilər günlər əvvəl yaradılmış yardım fondundan istehsalı mümkün qədər tez bərpa etmək üçün kənd təsərrüfatı sektoruna istifadə etməyi düşünürlər.

6.2 bal gücündə zəlzələ bazar ertəsi gecə Çinin paytaxtı Pekindən 1300 kilometr uzaqda Qansu ilə Şinxay vilayətləri arasındakı dağlıq ərazidə baş verib. CCTV bildirib ki, Qansuda 117 nəfər, qonşu Şinxayda 31 nəfər ölüb, üç nəfər isə itkin düşüv. 1000-ə yaxın insan yaralanıb, 14 mindən çox ev dağılıb.

Çinin dövlət yayımçısı CGTN bildirib ki, cümə günü Qansuda Meipo kəndinin sakinləri üçün 500 müvəqqəti ev tikilib.

Bir çoxları, temperatur şaxta səviyyəsindən xeyli aşağı düşdüyü vaxtda, gecəni ərazidə qurulmuş sığınacaqlarda keçiriblər. Həlak olanların dəfn mərasimləri keçirilib. Zərər çəkmiş ərazidə əhalinin çox hissəsi müsəlman olduğundan onların bəziləri İslam adət-ənənələrinə uyğun olaraq dəfn edilib.

Çində zəlzələlərin əksəriyyəti ölkənin qərb hissəsində, o cümlədən Qansu, Şinxay, Siçuan və Yunnan əyalətlərində, habelə Sincan bölgəsi və Tibetdə baş verir. Son zəlzələ ölkədə son doqquz ildə baş verən ən ölümcül zəlzələdir.

Forum

XS
SM
MD
LG