Accessibility links

ABŞ Müdafiə naziri: ABŞ Çin ilə sabit əlaqələr qurmağa çalışır


ABŞ Müdafiə Naziri Lloyd Ostin çərşənbə axşamı Çinin Cənub-Şərqi Asiyada təcavüzünün qarşısının alınmasına “inteqrasiya edilmiş çəkindirmə” yanaşması mövqeyindən çıxış edərək, ABŞ-ın ümumi problemlərin həlli üzərində işləməyə davam edərkən Çin ilə sabit əlaqələr qurmaq istədiyini bildirib.

Dünyanın iki super gücü arasında münasibətlər son illərdə Tayvanın müstəqilliyi və Çinin Cənubi Çin dənizindəki mübahisəli iddiaları kimi mövzulara görə kəskin şəkildə pisləşib.

“Biz maraqlarımız təhlükə altında olanda geri çəkilməyəcəyik. Lakin biz qarşıdurma da axtarmırıq” - deyə, Ostin Sinqapurda etdiyi çıxışında bildirib. "Aydınlıq gətirirəm: nazir kimi Xalq Azadlıq Ordusu ilə mühüm kommunikasiyalar da daxil olmaqla, Çin ilə konstruktiv və sabit münasibətlərin qurulmasına sadiq qalıram" - deyə, o əlavə edib.

Ostin Bayden administrasiyasından bölgəni ziyarət edən ilk yüksək səviyyəli rəsmidir. O, yanvar ayında müdafiə naziri vəzifəsində təsdiqləndiyi vaxtdan bəri çoxsaylı cəhdlərə baxmayaraq, yüksək səviyyəli Çin rəsmiləri ilə danışıqlar aparmayıb.

Çərşənbə axşamı Sinqapurun Müdafiə Naziri Nq Enq Hen ilə apardığı danışıqlardan sonra iki ölkənin birgə bəyanatında regional təhlükəsizlik məsələləri və Baydenin hakimiyyətə gəlməsindən bəri ABŞ xarici siyasətinin əsas prinsipi olan "qaydalara əsaslanan nizamın saxlanılmasının əhəmiyyətinin" müzakirə edildiyi açıqlanıb.

Açıqlamada müdafiə nazirlərinin kiber müdafiə, humanitar yardım və təbii fəlakətlərin nəticələrinin naradan qaldırılması da daxil olmaqla, gələcək əməkdaşlığın potensial sahələrini müzakirə etdiyi qeyd olunub.
Ostinin səfərinə Vyetnam və Filippin də daxildir.

XS
SM
MD
LG