Accessibility links

Çin himnə qarşı hörmətsizliyi qadağan edib


Çin parlamenti ölkənin milli himninə hörmətsizliyə görə üç il müddətinədək cinayət cəzası tətbiq edilməsinə dair qərar çıxarıb.

Çinin Xalq Məclisinin Daimi Komitəsi ölkənin cinayət məcəlləsinə düzəliş edərək, milli himnə ictimai məkanda ciddi hörmətsizlik göstərən hər bir şəxsin cəzalandırılmasına dair qanun daxil edib.

Çinin rəsmi xəbər agentliyi Xinhuanın verdiyi məlumata görə, milli himnə hörmətsizlik qadağasını pozan insanların əlindən siyasi haqları da alına bilər.

Ən son addım Çinin bu yaxınlarda milli himnin ifası ilə bağlı məhdudiyyətləri sərtləşdirdiyindən sonraya təsadüf edir. Sentyabrda ölkə milli himni şənlik və ya toyda səsləndirən sakinləri 15 gün müddətinə həbs edəcək qanun qəbul edib.

Milli Himn qanununa əsasən, Könüllülər Marşı fon musiqisi olaraq ictimai yerlərdə çalına bilməz. Bundan əlavə mahnının münasib olmayan özəl ifalarına da qadağa tətbiq edilib.

Milli himnə qarşı hörmətsizlik artıq bir neçə vaxtdır ABŞ-da müzakirə mövzusuna çevrilib, çünki son zamanlarda Milli Futbol Liqasının bir neçə oyuncusu oyundan öncə çalınan himn zamanı ayaqda durmaq yerinə diz çökür.

ABŞ-da keçirilən bu etiraz aksiyası San Fransiskonun 49ers komandasının oyuncusu Kolin Kapernik tərəfindən başladılıb. O, “qaradərili insanlar və digər azlıqlara qarşı zülm edən bir ölkənin bayrağına hörmət göstərmək üçün heç vaxt ayağa qalxmayacağını” deyib.

ABŞ prezidenti Donald Tramp bu etirazları qınayıb və onları hörmətsizlik adlandırıb. O, milli himnə qarşı hörmətsizlik göstərən oyuncuların işdən çıxarılmalı olduğunu düşündüyünü deyib.

XS
SM
MD
LG