Accessibility links

Çin parlamenti ölkə konstitusiyasına dəyişikliyə "hə" deyib


Çinin daha çox formal xarakter daşıyan parlamenti martın 11-də ölkə konstitusiyasına mübahisəli dəyişikliyin edilməsinə "hə" deyib.

Bu dəyişiklik hazırkı prezidenti Tsi Cinpinqə hakimiyyətdə ömürlük qalmağa imkan verir.

3000 nəfər xalq nümayəndəsindən yalnız ikisi təklif olunan Konstitusiya dəyişikliklərinə, o cümlədən prezidentlik müddəti ilə bağlı limitin ləğvinə qarşı çıxıb. 3 nəfər bitərəf qalıb.

Dəyişikliklərin parlamentdən keçməsi üçün səslərin üçdə ikisi tələb olunurdu.

Tsi Cinpinqin digər iki vəzifəsinin - Kommunist Partiyasının sədri və ali baş komandan vəzifələrinin də müddətlə bağlı limiti yoxdu.

64 yaşlı Tsini bir çoxları Çinin müasir tarixində Mao Dedundan sonra ən güclü lideri hesab edir.

Rəsmi mətbuat konstitusiya dəyişikliklərini "partiya və xalqın ümumi iradəsinin təcəssümü" kimi dəyərləndirib.

Amma bəzi tənqidçilər hesab edir ki, "ömürlük prezidentlik" Tsi Cinpinq üçün həm də təhlükəli oyun ola bilər.

"O, sadəcə, özü üçün böyük bir xəndək qazıb" - deyə Çinin rəsmi gənclər qəzetinin keçmiş redaktoru, ölkədəki azsaylı müxalif səslərdən biri Li Datonq deyir:

"Prezidentlik müddəti Çindəki siyasi dairələrin qəbul etdiyi ən böyük ümumi dəyər idi. Onun ləğvi iç savaşına yola aça bilər".

Parlament vitse-prezidentlik müddəti ilə bağlı müddətin də ləğvinə səs verib.

Gözlənilir ki, Tsi Cinpinqnin ən yaxın adamlarından olan Vang Qishan vitse-prezident vəzifəsinə gətiriləcək. O, əvvəllər korrupsiya qarşı mübarizə sahəsinə nəzarət edib.

İndiyəcən Çində vitse-prezident çox az səlahiyyətə malik idi, amma Vang Qishanın gəlişi ilə bu vəzifənin çəkisi arta bilər.

Tsi və onun ən yaxın adamı beləcə Çini uzun müddət idarə edə bilər.

Parlamentdən keçən başqa bir dəyişiklik korrupsiyaya qarşı mübarizə sahəsində nüfuzlu qurumun yaradılmasıdır.

Milli Nəzarət Komissiyasının, hökumətin, Ali Məhkəmənin və Baş Prokurorluğun səlahiyyətləri ilə müqayisə olunacaq səlahiyyətləri olacaq.

Bu qurum Kommunist Partiyasının uzun illər eyni işi görmüş təsisatı ilə eyni binada yerləşəcək və onların işçi heyəti müştərək olacaq.

Partiyadakı təsisata əvvəllər məhz Vanq rəhbərlik edib.

Bir çoxları ehtiyat edir ki, yeni qurum həm də partiya daxilində Tsinin liderliyinə qarşı az da olsa müxalif münasibət göstərənlərə qarşı silah kimi istifadə olunacaq.

Bəziləri Tsinin "ömürlük prezidentliyə" doğru addımını Putinin Rusiyada hakimiyyəti öz əlində cəmləşdirməsi ilə müqayisə edirlər.

XS
SM
MD
LG