Accessibility links

Çində ömürlük prezidentlik təklif edilir


Çin Kommunist Partiyasının Mərkəzi Komitəsi fevralın 25-də Konstitusiyadan bir maddəni çıxarmağı təklif edib.

Həmin maddədə qeyd edilir ki, heç kim ardıcıl olaraq iki dəfədən artıq prezident və ya vitse-prezident seçilə bilməz.

Bu barədə Çinin Sinxua agentliyi məlumat yayıb.

Əgər bu təklif qəbul edilsə, Çin Xalq Respublikasının indiki prezidenti Si Cinping təkcə yaxın 5 ildə yox, daha uzun müddətə ölkəyə rəhbərlik etmək şansı qazanacaq.

Bundan başqa Mərkəzi Komitə təklif edib ki, hazırkı prezidentin sosializmin Çin modelinin yeni dövrdə inkişafı ilə bağlı fikirləri də Konstitusiyaya daxil olunsun.

Ötən ilin oktyabrında rəhbərin ideyaları yekdilliklə Çin Kommunist Partiyasının nizamnaməsinə salınıb.

Fevralın 26-da Pekində Çin KP-nin Mərkəzi Komitəsinin üçgünlük plenumu başlayacaq.

Orada Konstitusiyanın dəyişdirilməsi ilə bağlı təkliflər müzakirə ediləcək.

Təkliflər Xalq Nümayəndələrinin Ümumçin Toplantısında səsverməyə çıxarılacaq.

Si Cinping Çin prezidenti vəzifəsinə 2012-ci ildə gətirilib.

Hazırda qüvvədə olan Konstitusiyaya görə, o bu vəzifədə 2023-cü ilə qədər qala bilər.

XS
SM
MD
LG