Accessibility links

Əfqan Muxtarlının qohumlarının ölüm faktı üzrə cinayət işinin istintaqında yenilik yoxdur


Əfqan Muxtarlının qohumları

Həbsdə olan jurnalist Əfqan Muxtarlının Zaqatala şəhərində (Bakıdan 418 kilometr şimal-qərb) yaşadığı evdə meyiti aşkar edilən bacısı, bacısı qızı və qardaşı qızının ölüm faktı üzrə Zaqatala rayon Prokurorluğunda qaldırılan cinayət işinin istintaqı davam etdirilir. Bu barədə Amerikanın Səsinə Zaqatala rayon prokurorunun köməkçisi Tofiq Hüseynzadə bildirib.

Bununla yanaşı, prokuror köməkçisi Amerikanın Səsinin müxbirinin baş vermis hadisənin səbəbləri, cinayət işi üzrə təyin edilmiş ekspertizanın nəticələri, məsuliyyətə cəlb edilənin olub-olmaması barədə suallarına istintaq sirri olduğunu deyərək cavab verməyib.

Xatırladaq ki, vəkilləri Əfqan Muxtarlının yaxınlarının yas mərasimində iştirak etməsi üçün Penitensiar Xidmətə müraciət etsə də, buna icazə verilməyib.

Gürcüstanda oturum almış Əfqan Muxtarlı 2017-ci il mayın 29-da yaşadığı Tbilisi şəhərindən müəmmalı şəkildə Azərbaycana gətirilib və sonra Azərbaycanda həbs edilib. Əfqan Muxtarlı ona qarşı ittihamların uydurma olduğunu, hakimiyyət əleyhinə yazılarına görə Gürcüstanda oğurlanaraq Azərbaycana gətirildiyini bildirib. Hazırda Balakənrayon Məhkəməsində jurnalistin məhkəməsi davam edir.

Zaqatala rayon prokurorluğu və rayon polis şöbəsinin məlumatına görə, dekabrın 31-də Zaqatala şəhəri, H.Zeynalabdin Tağıyev küçəsi, ev 2, mənzil 14-də 1982-ci il təvəllüdlü Muxtarlı Nuranə Sabir qızı, 2015-ci il təvəllüdlü Məmmədzadə Nilay İlqar qızı və 2005-ci il təvəllüdlü Muxtarlı Fatimə Ramazan qızının meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı müəyyən edilib ki, meyitlərin aşkar olunduğu mənzil kustar üsulla çuqun materialdan hazırlanmaqla rezin boru ilə qaz xəttinə birləşdirilmiş soba ilə qızdırılıb.

Meyitlər məhkəmə-tibb ekspertizasından keçirilərkən dəm qazı və qida zəhərlənməsi ehtimalı nəzərə alınmaqla nümünələr götürülüb.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

XS
SM
MD
LG