İki həftə öncə Amerikanın Səsinə verdiyi canlı müsahibə zamanı həbs olunan çinli professorun ciddi təhlükəsizlik şərtləri altında evə qayıtmasına icazə verilib. Bu haqda Amerikanın Səsinə professor Sanın yaxın dostu məlumat verib.
Bazar ertəsi günü dostu ilə söhbət etdikdən sonra 84 yaşlı professor San Venquanq ona Amerikanın Səsi ilə əlaqə saxlayaraq təhlükəsizlikdə olduğunu və evə qayıdacağını bildirməsini istəyib.
Professorun dostu əlavə edib ki, təhlükəsizlik işçiləri onun evində axtarış apararaq bütün telefon və kompüterlərini ələ keçirib. Həmçinin onun sosial media hesabları da bloklanıb. Çin rəsmiləri bu məsələyə münasibət bildirməkdən imtina ediblər.
Professor San Çində çox sayda insanın yoxsulluq içində yaşamasına baxmayaraq, hökümətin Afrikaya maddi yardım göstərdiyi ilə bağlı Çin prezidenti Şi Tsinpinə yolladığı açıq məktubuna dair sualları cavablandırarkən polis onun evinə daxil olub.
San iki həftə öncə Amerikanın Səsinin Mandarin dilində aparılan Problemlər və Mövqelər verilişində deyib ki, Şi onun qapısını sındırmaları üçün evinə polis göndərib.