Birləşmiş Ştatlar hökuməti Azərbaycanda həbsdə olan onlarla insan haqları fəalı, jurnalist və siyasi partiyalarınn üzvlərinin azadlığa buraxılmasını alqışlayıb, lakin eyni zamanda fundamental azadlıqlardan istifadə etdiklərinə görə həbsdə olan digər şəxslərin də azad edilməsinə çağırıb.
Bu barədə ABŞ Dövlət katibi Con Kerri Azərbaycan prezidenti İlham Əliyevin əfv sərəncamı ilə bir sıra tanınmış insan haqları və siyasi fəalların azad edilməsinə dair verdiyi bəyanatında bildirib.
"Birləşmiş Ştatlar Azərbaycan hökuməti tərəfindən insan haqları sahəsində fəaliyyəti, ya da fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbsdə olan ondan çox şəxsin azadlığa buraxılması kimi müsbət addımı alqışlayır. Azadlığa buraxılanlar arasında tanınmış insan haqları fəalı Rəsul Cəfərov, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, talış etnik qrupunun qəzetinin baş redaktoru Hilal Məmmədov və Müsavat partiyası sədrinin müavini Tofiq Yaqublu da var. Jurnalist və sülh fəalı Rauf Mirqədirov məhkəmə tərəfindən azad edilib.
Biz Azərbaycan hökuməti ilə əlavə müsbət addımların atılması üçün işləməyimizi gözləyirik. Biz eyni zamanda hökuməti ümumi fikrə görə, eyni azadlıqlardan istifadə etdiklərinə görə həbs edilən başqa şəxsləri də azad etməyə və azad edilən şəxslərin hərəkətinə qoyulmuş məhdudiyyətlərə son qoymağa çağırırıq" - deyə Con Kerrinin bəyanatında bildirilir.