Accessibility links

Britaniyanın Baş naziri qaradərili futbolçulara qarşı irqçi hücumları qınayıb


Britaniyanın Baş naziri Boris Conson bazar günü Avro 2020 turnirinin final görüşündə İtaliyaya 3-2 hesabı ilə məğlub olduqdan sonra sosial mediada İngiltərə futbol komandasında çıxış edən qaradərili futbolçulara qarşı irqçi hücumları qınayıb.

İtaliya və İngiltərə milli komandaları arasındakı oyunda əsas və əlavə vaxtda hesab 1-1 olduqdan sonra qalibi müəyyənləşdirmək üçün penalti zərbələri seriyası baş tutub. Qaradərili oyunçular Markus Reşford, Ceydon Sanço və Bukayo Saka zərbələri qaçırdıqdan sonra İtaliya qələbə qazanıb.

Sosial mediada əksər şərhlər İngilis komandasına qarşı müsbət olsa da, üç oyunçu oyundan dərhal sonra irqçi şərhlər almağa başlayıb.

Conson tvitter hesabında yazıb ki, “komanda sosial mediada irqçi hücumlara məruz qalmamalıdır, əksinə qəhrəman kimi təriflənməyə layiqdir. Bu dəhşətli irqçi ifadələrə cavabdeh şəxslər özlərindən utanmalıdırlar”.

Eyni şəkildə, London Şəhər Meri Sadiq Xan da tvitter hesabından futbolda və ya başqa bir yerdə irqçiliyə yer olmadığını deyib. O, cavabdeh şəxlərin məsuliyyətə cəlb edilməli olduğunu qeyd edib.

İngiltərə futbolunun rəhbər orqanı olan Futbol Assosiasiyası da hər cür irqçiliyi və oyunçulara olan təzyiqləri qınayan bir açıqlama verib.

Londonun polis idarəsi tvitterdə şərhlərdən xəbərdar olduğunu bildirib, onları qəbuledilməz adlandırıb və araşdırılacağını əlavə edib.

İngiltərə futbolçuları bazar günü final da daxil olmaqla, oyunlarından əvvəl diz çökərək turnir zamanı irqçiliyə qarşı sərt mövqe nümayiş etdirmişdilər. Azarkeşlərin heç də hamısı bu hərəkəti dəstəkləməmişdi, hətta fitə basanlar da olmuşdu.

Baş nazir Conson azarkeşləri oyunçuları fitə basmamağa çağırarkən, bəzi tənqidçilər onun cavabının kifayət qədər güclü olmadığını bildirib və bu sadəcə irqçiləri ilhamlandırıb. Keçmiş ingilis futbolçu Qari Nevil SKY News telekanalına bazar ertəsi verdiyi müsahibədə Consonu cavabına görə günahlandırıb.

XS
SM
MD
LG