Accessibility links

Baş konsul Nəsimi Ağayev: Azərbaycan ABŞ-ın Xəzər regionunda mühüm və etibarlı müttəfiqidir


Yanvarın 14-də Azərbaycanın Baş konsulu Nəsimi Ağayev Kaliforniya ştatının Senatını ziyarət edib. Bu haqda məlumat Azərbaycanın Kaliforniyadakı Baş Konsulluğu tərəfindən yayılıb.

Azərbaycanın baş konsulunu Kaliforniya Senatında təqdim edən respublikaçıların lideri senator Bob Haff Azərbaycanı Birləşmiş Ştatların güclü müttəfiqi adlandırıb və 2006-cı ildə Baş Konsulluğun açılmasından sonra Kaliforniya ştatı ilə əlaqələrin inkişaf etdirildiyini qeyd edib. Kaliforniya qanunvericisi Senatın nümayəndə heyətinin 2011-ci ildə Azərbaycana səfərini xatırlayaraq, “nümayəndə heyətimiz iqtisadiyyatını inkişaf etdirməyə və Kaliforniya ilə tərəfdaşlığı artırmağa çalışan dinamik bir ölkədə olmuşdur” deyib.







Senatorlar qarşısında məruzə edən Baş konsul Nəsimi Ağayev 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın əldə etdiyi inkişaflardan danışıb. “Ümumdaxili məhsulun həcmi 70 milyard dollar səviyyəsində olmaqla, region iqtisadiyyatının 80 faizi Azərbaycanın payına düşür. Azərbaycan 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib”-deyə Baş konsul Nəsimi Ağayev bildirib.

Etnik və dini tolerantlığın mövcudluğuna toxunan baş konsul Azərbaycanda yəhudi icması da daxil olmaqla müxtəlif dinlər və millətlərin dinc yanaşı yaşadığı və çiçəkləndiyi bir cəmiyyətin qurulduğunu deyib. “Bu, təsadüfi deyil, çünki Azərbaycan İsrail dövləti ilə güclü dostluq münasibətləri qura bilmiş az saylı müsəlman ölkələrindən biridir”-deyə Nəsimi Ağayev əlavə edib.

Azərbaycan və ABŞ arasında tərəfdaşlıq və dostluq əlaqələrindən danışaraq, Baş konsul Ağayev Azərbaycanı Birləşmiş Ştatların böyük əhəmiyyətə malik Xəzər regionunda mühüm və etibarlı müttəfiqi adlandırıb.

Məruzəsinin sonunda Nəsimi Ağayev Azərbaycanın Kaliforniya statı ilə bütün səviyyələrdə əlaqələri genişləndirmək istəyini Senat üzvlərinin nəzərinə çatdırıb.

Azərbaycanın baş konsulunun qəbulu və çıxışı zamanı Kaliforniya ştatının Senatında Azərbaycanın milli bayrağı yerləşdirilib.
XS
SM
MD
LG