Rusiyanın Ukrayna boyu böyük hücumlar həyata keçirməsindən sonra Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü bildirib ki, Ukrayna “həyatı uğrunda mübarizə aparır.”
Zelenski gündəlik müraciətində bildirib ki, Rusiya 160-a yaxın raket və dron zərbələri endirib. O bu hücumu, onun sözlərinə görə, “insan pisliyi” tərəfindən ən ağır hücum kimi təsvir edib.
Zelenski deyib ki, Rusiyanın hücumuna məruz qalan şəhərlərdə xilasetmə əməliyyatları aparılır.
“Biz hər zərbəyə görə rus terrorçularına cavab verəcəyik. Terror insanlara qarşı oyunda heç vaxt qazanmır,” Zelenski deyib.
Rusiya dronlarının Ukrayna şəhərlərinə zərbələri şənbə günü də davam edib. Ukrayna ordusunun rəsmiləri bildiriblər ki, Xerson, Xmelnitski və Nikolayev vilayətlərində İran istehsalı olan 10 Şahed dronu vurulub.
Bu arada isə Moskva rəsmiləri şənbə günü deyib ki, Rusiyanın hava hücumundan müdafiəsi Moskva, Bryansk, Oryol və Kursk bölgələri üzərində onlarla dron vurub. Müdafiə nazirliyi bəyanatında bir uşaq olmaqla, bir neçə nəfərin öldüyünü bildirib.
BMT Təhlükəsizlik Şurası müharibə 2022-ci ilin fevralında başlayandan bəri Rusiyanın, Ukrayna rəsmilərinin dediyinə görə, 122 raket və onlarla drondan istifadə edərək “ən kütləvi hava hücumunu” müzakirə etmək üçün cümə günü iclas keçirib.
Ukrayna xarici işlər naziri Dmitro Kuleba bundan öncə əvvəllər Twitter kimi tanınan X sosial media platformasında yazıb ki, Ukrayna və otuzdan çox başqa BMT ölkəsi “mülki əhali arasında çox sayda tələfata və mülki infrastrukturun dağılmasına səbəb olan” hücumlardan sonra Təhlükəsizlik Şurasında iclasın keçirilməsini tələb edib.
Rusiyanın raket və dron hücumları nəticəsində ən azı 31 mülki vətəndaş ölüb, 160-dan çox insan yaralanıb. Səlahiyyətlilər dağıntılar altında başqalarının da qaldığına inanır və ölənlərin sayının artacağını deyir.
Britaniya Müdafiə Nazirliyi şənbə günü Ukrayna ilə bağlı gündəlik kəşfiyyat açıqlamasında bildirib ki, hər gün Rusiyada ölən və yaralanan rusların sayı ötən illə müqayisədə, demək olar, 300 faiz artıb. Ölənlərin sayının artdığı barədə məlumat Britaniya nazirliyinə Ukrayna tərəfindən verilib.
Britaniya nazirliyi bildirib ki, bu artım “Rusiya qüvvələrinin deqradasiyası və onun 2022-ci ilin sentyabrında ehtiyatda olan hərbçilərin “qismən səfərbərliyindən” sonra daha aşağı keyfiyyətli, yüksək miqyaslı kütləvi orduya keçməsi ilə əlaqələndirilə bilər”.
Hesabatda deyilir ki, Rusiyanın yüksək hazırlıqlı hərbi hissələrini yenidən qurması "çox güman ki, 5-10 il çəkəcək".
Nazirlik bildirib ki, əgər itkilər eyni sürətlə davam edərsə, üç illik müharibədən sonra Rusiyanın 2025-ci ilə qədər yarım milyondan çox hərbçisi həlak olacaq və ya yaralanacaq.
Britaniya nazirliyi bildirib ki, müqayisə üçün, Sovet İttifaqı doqquz illik Əfqanıstan müharibəsində 70 min itki verib
Forum