Accessibility links

Çexiya Baş Qərargah rəisi: Qərb Ukraynada uzunmüddətli müharibəyə hazır olmalıdır


Çex Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi Karel Rjeka
Çex Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi Karel Rjeka

Çex Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi Karel Rjeka Reuters xəbər agentliyinə müsahibəsində deyib ki, Qərb Ukraynada uzunmüddətli müharibəyə hazır olmalıdır və bu müharibə bitdikdən sonra da daha düşmənçi mövqedə olacaq Rusiya ilə qarşılaşmalı olacaq.

Bəzi Qərb hərbçilərinin Ukraynanın əks-hücumunun həftələrdən sonra çox ləng getməsindən narahatlılarını ifadə etməsinə münasibət bildirən Rjeka əks-hücumun tempindən məyus olmadığını deyib.

"Hərbi hücum belə olur. İkinci Dünya Müharibəsindən bəhs edən filmlərdəki kimi deyil. Bunun üçün vaxt lazımdır" - deyə, o bildirib.

Ukrayna əks-hücum əməliyyatına iyun ayında başlayıb və indiyədək yalnız onlarla kiçik kəndi ələ keçirib. Lakin o, son həftələr Rusiyanın müdafiə xəttini qırdığı və bundan sonra daha sürətlə irəliləyəcəyini deyir.

Rjeka "ümumiyyətlə, hesab edirəm ki, hazırda tərəflərdən heç biri qarşılarına qoyduqları məqsədlərinə tez bir zamanda nail olmaq iqtidarında deyil. Bu bir neçə həftə davam etməyəcək, bəlkə də uzun müddət davam edəcək. Və bizim ukraynalıları uzun müddət dəstəkləməyimiz vacibdir" deyib.

NATO üzvü olan Çex Respublikası Ukrayna hərbçilərini döyüş sursatları, tanklar, zirehli texnika, reaktiv yaylım atəşi sistemləri və haubitsalarla təmin edib. Rjeka qeyd edib ki, ölkəsinin anbarlarında hələ də Ukraynaya verə biləcəyi silahlar var.

"Ölkəmizin böyüklüyünü və silahlı qüvvələrimizin gücünü nəzərə alaraq, çox şeylə təmin etdik. Biz müxtəlif anbarlara, planlara və konsepsiyalara nəzər salır və başqa nə ilə təmin edə biləcəyimizi müəyyənləşdirməyə çalışırıq. Ağır texnika da daxil olmaqla, bizim hələ də bəzi silahlarımız var" - deyə, Rjeka əlavə edib.

Çexiya qanunvericiləri 2024-cü ildən etibarən ümumdaxili məhsulun 2%-nin müdafiəyə ayrılmasını təsdiqləyib.

Rjekanın sözlərinə görə, Praqa ABŞ-dan yeni F-35 qırıcıları almaq imkanını nəzərdən keçirir.

Çexiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sözlərinə görə, Ukraynadakı müharibə Qərb müttəfiqlərini əvvəllər onilliklər ərzində Moskvanın nəzarətində olan keçmiş SSRİ ölkələrinə daha ciddi yanaşmağa məcbur edib.

Forum

XS
SM
MD
LG