Accessibility links

Ələsgər Ələsgərli: Türkiyənin münaqişəyə hərbi müdaxiləsi gözlənilmir [Audio-Müsahibə]


Türkiyənin Karabük Univesitetində çalışan Dr. Ələsgər Ələsgərli hesab edir ki, Türkiyə Azərbaycanın yaxın müttəfiqi olaraq ona dəstək verməkdə davam edəcək. Lakin o, xəbərdarlıq edir ki, Ankaranın imkanları kifayət qədər məhduddur, və regional qüdrət olaraq Türkiyə hazırda bir sıra başqa sınaqlarla üzləşir. Ekspert bu fonda Rusiya faktorunu nəzərdə saxlamağın vacibliyini vurğulayır.

Dr. Ələsgər Ələsgərli: Türkiyənin Dağlıq Qarabağ münaqişəsində hərbi güclə dəstəyi mümkün deyil
please wait

No media source currently available

0:00 0:09:52 0:00

Amerikanın Səsi: Türkiyənin Dağlıq Qarabağ məsələsində mövqeyi aydındır. Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan çıxışlarında Azərbaycana dəstək olacağını deyir. Sizcə münaqişənin gərginləşdiyi təqdirdə hərbi dəstək mümkündürmu?

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan
Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan

Dr. Ələsgər Ələsgərli: Türkiyə hər zaman Azərbaycanı dəstəkləmiş. Amma dəstək dediyimiz zaman bunun sadəcə hərbi dəstəkdən ibarət olduğunu düşünməməmiz lazımdır. Çünki hərbi dəstəkdən istifadə etmək Türkiyənin müharibəyə qoşulması anlamına gəlir. Bugünkü şərtlərdə bu mümkündürmü? Buna müsbət cavab vermək olduqca çətindir. Bu münaqişədə sadəcə Türkiyə deyil, başqa aktyorlar da var. Böyük dövlətlərin bu münaqişənin içərisində həm öz maraqları var, həm də regionda sabitliyin saxlanılması və davam etdirilməsi baxımından maraqları var. Türkiyəni bu prosesin xaricində tutaraq fikir bildirmək yersiz olar. Belə bir müharibə olarsa, Türkiyənin mümkün olduğu qədər dəstək verəcəyini düşünmək istəyərdim, amma açıq şəkildə hərbi müdaxilə şəklində dəstək olacağını düşünmürəm. Lakin silah və ya başqa bir formada dəstək olacağı mümkündür. Sadəcə hərbi güc olaraq bu münaqişəyə müdaxilə edəcəyi gözlənilmir. Çünki bu prosesi əngəlləyən çoxlu şərtlər var.

Amerikanın Səsi: Türkiyənin regionda vəziyyəti aydındır. Qaçqın böhranı, PKK ilə problemlər və Suriya böhranı. Bu vəziyyətdə Türkiyə regionda aparici rol oynaya bilərmi?

Türkiyənin regionda aparıcı rol oynaya bilməsi üçün maddi, hərbi potensiala sahib olması lazımdır.
Ələsgər Ələsgərli

Dr. Ələsgər Ələsgərli: Türkiyənin regionda kənarlaşdırılmış vəziyyətdə olması, Kürd problemi, terror problemi, qaçqınlar və bütün bunlarla yanaşı Rusiya ilə baş verən gərginlik, Amerika ilə Suriya siyasətindəki görüş fərqliliyi kimi faktorlar Türkiyənin əlini uzun tutmasına əngəl olur. Türkiyə əlbəttə ki, regionda bir gücdür. Amma unutmayaq ki, Türkiyə super güc və ya Amerika deyil. Rusiya qədər regionda təsirli deyil. Türkiyənin regionda aparıcı rol oynaya bilməsi üçün maddi, hərbi potensiala sahib olması lazımdır. Lakin Yaxın Şərqdə yer alan bir dövlətin belə bir super-güc olma şansı azdır. Amma qəbul etmək lazımdır ki, Türkiyəni kənarlaşdıraraq Qafqaz və Yaxın Şərq siyasəti düşünmək mümkün deyil.

Amerikanın Səsi: Türkiyə-Rusiya əlaqələrinin gərgin olması Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına mənfi təsir edə bilərmi?

Rusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin

Dr. Ələsgər Ələsgərli: Türkiyə-Rusiya əlaqələrinin bundan əvvəlki illərdə üst səviyyədə olduğu vaxt belə bu məsələdə hər hansı müsbət rol oynadığını görmürük. Hətta Türkiyədə “Erməni açılımı” olduğu vaxt Türkiyə və Rusiyanın ortaq hərəkət etdiyini görürük. "Türkiyə və Ermənistan əlaqələri inkişaf etsin" və bunun "Qarabağ probleminin həllinə kömək olsun" kimi fikirlər səslənməsinə baxmayaraq bunun mümkün olduğunu görmədik. Çünki hamıya aydındır ki, əsrlərdir bu iki ölkə arasında davam edən münaqişənin arxasında Rusiya faktoru dayanır. Rusiya heç vaxt Qarabağ probleminin həllində maraqlı deyil. Bu səbəblə Rusiya və Türkiyə əlaqələrinin nə qədər yaxın olmasından aslı olmayaraq, bu təmaslar Qarabağ məsələsinin həllində rol oynamayacaq. Əgər sualı digər tərəfdən düşünürsək, yəni bu mənfi təsir göstərir ya yox? Onsuzda bu məsələdə mənfi təsir hər zaman olub. Sadəcə burada bir fərq ola bilər ki, əlaqələrin yaxşı olduğu vaxt Rusiyanın Qarabağ məsələsində aqressiv addım atmasının qarşısı alına bilər. Əlaqələr gərginləşdiyi vaxt, Rusiyanın aqressivləşdiyinin istər açıq istərsə də gizli şəkildə şahidi oluruq. Türkiyə və Rusiya əlaqələrinin pisləşməsi demək olar ki, sadəcə Qarabağ məsələsində deyil, Azərbaycanın xarici siyasəti üzərində də mənfi təsir yaratdığını görürük.

Amerikanın Səsi: Rusiya münaqişəyə qarışmır və sadəcə çağırışlar edir. Vəziyyətin gərginləsdiyi təqdirdə, Rusiyanın novbəti addımı nə ola bilər?

Azərbaycan əhəmiyyət baxımından Gürcüstan deyil və Azərbaycandakı şərtlər 2008-ci ildə Gürcüstandakı şərtlərdən çox fərqlidir.
Ələsgər Ələsgərli

Dr. Ələsgər Ələsgərli: Ermənistan bəzi öhdəlikləri yerinə yetirməsi qarşılığında Rusiyadan yardım istəyir. Lakin bunu unutmamaq lazımdir ki, Azərbaycan əhəmiyyət baxımından Gürcüstan deyil və Azərbaycandakı şərtlər 2008-ci ildə Gürcüstandakı şərtlərdən çox fərqlidir. Çox vaxt Azərbaycanı Gürcüstanla müqayisə edirlər. Yəni, Rusiya Gürcüstanda etdiklərini Azərbaycana da edər. Ancaq unutmamaq lazımdır ki, şərtlər eyni deyil. Digər faktor isə Ermənistanın Rusiyanın yaratdığı İqtisadi Əməkdaşlıq İttifaqına üzv olması qarşılığında hərbi dəstək olması - bu, da mümkün deyil. Çünki Azərbaycanla yaxşı münasibəti olan təşkilatın digər üzvlərinin münaqişəyə müdaxilə etməsi gözlənilə bilməz. Son olaraq, Rusiyanın bu münaqişəyə birbaşa müdaxiləsi qalır, bunun da mümükün olma ehtimalı olduqca azdır. Sadəcə, Rusiya gücü çatdığı qədər Ermənistana açıq şəkildə olmasa belə texniki və silah baxımdan əhəmiyyətli dərəcədə dəstək verəcək. Əgər münaqişə böyüyərsə, bu vaxt Rusiyanın hərbi müdaxiləsi ehtimalı ola bilər. Bu zamanda artıq bu, regional məsələdən qlobal problemə çevriləcək.

XS
SM
MD
LG