ABŞ ordusunun birgə qərargahlar rəisi Cozef Danford Yaponiyaya səfəri zamanı regionda artan Şimali Koreya təhlükəsin fonunda iki ölkə arasında mövcud uzun müddətli hərbi müttəfiqliyi vurğulayıb.
Danford bu sözləri Yaponiya baş naziri Şinzo Abe ilə Tokioda keçirilən görüş zamanı deyib:
“Baş nazir Abe, mən sizə deyə bilərəm ki, bizim ikitərəfli münasibətlərimiz təbiəti, xüsusilə də hərbi müstəvidə olan tərəfdaşlığımız qaya kimi möhkəmdir.”
Baş nazir, prezident Donald Trampın ABŞ-ın müttəfiqlərini Şimali Koreya aqressiyasından qorumaq üçün bütün variantlara hazır olduğunu bildirməsinə görə minnətdarlıq edib.
Yaponiya Danfordun Asiya səfərində son dayanacaq idi. Bundan öncə birgə qərargahlar rəisi Cənubi Koreya və Çində olmuş, həmin ölkələrin siyasi və hərbi rəhbərliyi ilə görüşlər keçirmişdir.