Accessibility links

MTN dələduzluq edənləri həbs edib


Milli Təhlükəsizlik Nazirliyinin binası
Milli Təhlükəsizlik Nazirliyinin binası

Mütəşəkkil dəstə vətəndaşlara kredit verəcəklərini və vəzifəyə təyin etdirəcəklərini vəd edərək külli miqdarda vəsait mənimsəyib

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə onlara məxsus külli miqdarda əmlakı ələ keçirmək məqsədilə dələduzluqla məşğul olan mütəşəkkil dəstənin ifşa edildiyi barədə məlumat yayıb.

MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzindən verilən məlumata görə, mütəşəkkil qrup Azərbaycan vətəndaşları İlham Cəfərov, Əhliman Məmmədov, Eyvaz Bayramov, Natiq Əsədov, Talıb Cabbarov, Samir Məmmədov və başqaları tərəfindən yaradılıb.

İstintaq tərəfindən müəyyən edilib ki, Cəfərov və Məmmədov birlikdə cinayət əməllərini həyata keçirmək məqsədilə 2011-ci ilin oktyabrında kəndli və fermer təsərrüfatının inkişafı məqsədi ilə uzunmüddətli güzəştli kreditlər vermək adı ilə “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İqtisadi İnkişaf Birliyi” adlı saxta təşkilat yaradıblar.

Saxta sənədlərdə Cəfərov özünü “Hacıyev A.Ş” adı ilə “Nazirlər Kabinetinin İcra Aparatının rəhbəri” kimi qələmə verib və mütəşəkkil dəstənin digər rəhbəri Əhliman Məmmədov vasitəsi ilə müxtəlif fiziki şəxslərə təqdim olunub, bu sahədə müəyyən təbliğat işləri də aparıb.
Bu yolla İlham Cəfərov və Əhliman Məmmədov həmin şəxslərə yalan vədlər verərək, onların etibarlarından sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda əmlaklarını ələ keçirməklə öz aralarında bölüblər.

Bir müddətdən sonra İlham Cəfərov və Əhliman Məmmədov əmlaklarını aldatma yolu ilə mənimsədikləri vətəndaşların narazılıq etdiklərini görüb onları inandırmaq məqsədilə əlavə daha bir saxta qurum – “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Kreditləşmə Mərkəzi Fondu”nu yaradıblar.

Bu dəfə dəstə üzvləri, o cümlədən İlham Cəfərov özünü “Abbasov Nəriman Zülfüqar oğlu” adı ilə həmin saxta fondun prezidenti, Əhliman Məmmədov özünü vitse-prezidenti, Eyvaz Bayramov isə özünü eksperti kimi təqdim ediblər.

Bundan başqa, onlar Bakıda və ölkənin 9 regionunda bu saxta “fondun” “filiallarını” yaradıblar.

Sonra Əhliman Məmmədov və İlham Cəfərov 2012-ci ilin martında Natiq Əsədovu, Talıb Cabbarovu və Samir Məmmədovu saxta “Kreditləşmə Mərkəzi Fondu”nun fəaliyyəti barədə təlimatlandırıblar və guya, Talıb Cabbarovu həmin qanunsuz təsisatın mütəxəssisi, Natiq Əsədovu Beyləqan regional şöbəsinin rəisi, Samir Məmmədovu isə sürücü vəzifələrinə təyin ediblər.
Daha sonra qrup üzvləri müxtəlif vətəndaşlara guya uzunmüddətli güzəştli kredit verəcəklərini yalandan vəd edərək, təkrarən dələduzluq etməklə onların müəyyən məbləğdə pullarını ələ keçirib mənimsəyiblər.

Bundan başqa, qrup üzvləri vətəndaşlardan pul alaraq, onlara gəlirli vəzifələr vəd ediblər.

Qrup ümumilikdə vətəndaşlara 215 min manat ziyan vurub.

Faktla bağlı MTN-in Baş İstintaq İdarəsində Cinayət Məcəlləsinin dəlduzluq, yəni mütəşəkkil dəstə tərəfindən təkrar törədilməklə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmə maddələri ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə yuxarıda adı çəkilən şəxslər həbs edilib.
XS
SM
MD
LG