ABŞ kəşfiyyatının rəhbəri Den Koats bildirib ki, Moskvanın 2016-cı ildə olduğu kimi, bu dəfə də kampaniyanı pozmaq məqsədilə müdaxiləsi ehtimalının güclü olmasına baxmayaraq, Birləşmiş Ştatlar hökuməti Rusiyanın noyabr ayında Konqresə seçkilərə mümkün müdaxiləsinin qarşısının alınması üçün hələlik heç bir ardıcıl strategiya hazırlamayıb.
Senatın Silahlı Qüvvələr komitəsində dünya boyu təhlükələrlə bağlı dinləmələr zamanı danışan Dan Koats ABŞ-ın bir neçə agentliyinin hökumətin Rusiyanın seçkilərə mümkün müdaxiləsindən müdafiə olunmasının vacibliyindən xəbərdar olduğunu deyib. Lakin Havay adalarından demokrat senator Mazie Hirono ondan “o zaman nə üçün hökumət boyu strategiyamız yoxdur?” soruşanda Den Koats buna konkret cavab verə bilməyib.
“Biz başa düşürük ki, məsələ ünvanlanmalıdır. Amma mənim sizin sualınıza spesifik bir cavabım yoxdur”, deyə o bildirib.
Bizim təxminlərimizə görə, Rusiya bizim demokratik dəyərlərimizi alçatmaq və müttəfiqlərimizi zəiflətmək məqsədilə daha aqressiv kiber hücumlar keçirməyə davam edəcək.Dan Koats
O zaman senator Hirono ona belə cavab verib: “Bundan belə nəticə çıxarmaq olar ki, bu, prezident Donald Tramp üçün ABŞ kəşfiyyatının Rusiyanın 2016-cı ildə onun demokrat rəqibi Hillari Klintonu məğlub etməsinə kömək məqsədilə seçkilərə müdaxilə etdiyi haqda gəldiyi nəticədən sonra prioritet deyil.”
ABŞ-ın Milli Kəşfiyyat direktoru olan Koats bildirib ki, Birləşmiş Ştatlar hələlik Rusiya tərəfindən seçkilərə müdaxilə ilə bağlı ciddi səylərə dair dəlilə malik olmasa da, zərərli fəaliyyətlər mövcud olmaqda davam edir.
O deyib ki, gələn həftə ABŞ Maliyyə nazirliyinin xüsusi prokuror Robert Müller tərəfindən 2016-cı il seçkilərinə müdaxilə ilə əlaqədar ittiham edilmiş 13 Rusiya vətəndaşına qarşı sanksiyaları elan edəcəyini gözləyir.
Moskva seçkilərdən demokratiyanı zəiflətmək, iğtişaş yaratmaq və bizim dəyərlərimizi sarsıtmaq üçün imkan kimi istifadə etməyə davam edəcək.Dan Koats
Rusiya ABŞ seçkilərində hər hansı bir rol oynadığını inkar edir. Lakin ABŞ-ın kəşfiyyat orqanları Rusiya prezidenti Vladimir Putinin şəxsən birbaşa buna göstəriş verdiyi haqda nəticə çıxarıb. Tramp ABŞ-da onun kampaniyasının Rusiya ilə əlaqələrə dair aparılan bir neçə təhqiqatı “ifritə ovu” adlandırıb və bunun demokratlar tərəfindən Hillari Klintonun məğlubiyyətini izah etmək üçün istifadə etdiyi bəhanə olduğunu deyib.
Den Koats dinləmələr zamanı qanunvericilərə deyib: “Bizim təxminlərimizə görə, Rusiya bizim demokratik dəyərlərimizi alçatmaq və müttəfiqlərimizi zəiflətmək məqsədilə daha aqressiv kiber hücumlar keçirməyə davam edəcək. Davamlı və dağıdıcı kiber əməliyyatlar və müdaxilələr Birləşmiş Ştatlar, Avropa ölkələri və bizim müttəfiqlərimizə qarşı davam etdiriləcək.” O həmçinin bildirib ki, “Moskva seçkilərdən demokratiyanı zəiflətmək, iğtişaş yaratmaq və bizim dəyərlərimizi sarsıtmaq üçün imkan kimi istifadə etməyə davam edəcək”.