U.S. News & World Report-un 2016-cı il hesabatında ABŞ-ın 100 şəhərində yaşayış standartları açıqlanıb.
Hər il yayımlanan hesabatda yaşayış üçün ən yaxşı şəhər Kolorado ştatının Denver şəhəri göstərilir. İkinci yerdə Texasın Oustin, üçüncü yerdə isə Arkanzas ştatının Fayetvill şəhəri yer alır.
ABŞ-ın nəhəng Nyu-York şəhəri isə 100 ölkə arasında 96-cı yerdədir.
New York Post qəzeti hesabatın açıqlanmasından sonra "Nyu-Yorkdan qaçın" sərlövhəli məqalə dərc edib.
U.S. News & World Report-un Amerikada yaşanacaq 100 şəhər adlı hesabatında Nyu-Yorkda həyatı çətinləşdirən problemin ev kirələri olduğu deyilir.
Birotaqlı mənzilin icarəsi bu şəhərdə bir neçə min dollar təşkil edir. Şəhərdən qaçışın birnömrəli səbəbi artmaqda olan icarələrdir.
Manhattandan xaricdə ən münasib qiymətlərə Bruklin məhəlləsində ev tapmaq mümkün idi. Lakin son zamanlar bu bölgədə əyləncə və mədəniyyət mərkəzləri açıldığından kirələr artmağa başlayıb.
Bruklinin bəzi məhəllərində kirələrin Manhattanla bərabər olduğu bildirilir.
Hesabatda deyilir ki, 8.4 milyon əhalisi olan Nyu-York Amerikanın ən böyük şəhərləri arasında birinci yeri tutur. Bu şəhərdə 200-dən artıq fərqli dildə danışıldığı bildirilir. Şəhərin ətraf bğlgələri ilə bərabər əhali sayı 20,799,260 təşkil edir. Nyu-Yorkda orta hesabla illik maaşlar 59,060, sakinlərin yaşı 37.9, ev qiymətləri isə 378,190 dollar təşkil etdiyi açıqlanıb.
Paytaxt Vaşinqton siyahıda 8-cı yerdədir.