Accessibility links

Deputatlığa namizədliyini irəli sürmüş Mehman Hüseynov döyülüb


Deputatlığa namizədliyini irəli sürmüş Mehman Hüseynov döyülüb
please wait

No media source currently available

0:00 0:04:08 0:00

O polis əməkdaşları tərədindən döyüldüyünü bildirib

Dekabrın 28-də gecə saatlarında bələdiyyə seçkilərində namizəd, deputatlığa namizədliyini irəli sürmüş bloger Mehman Hüseynov Bakıda, Fəvvarələr meydanında polis əməkdaşları tərəfindən saxlanılıb. O polis avtomobilinə mindirilərək Bakıdan 20 kilometr aralıda, Lökbatan qəsəbəsi ərazisində çöllüyə aparılıb və döyüilüb.

Bu barədə Hüseynovun özü jurnalistlərə bildirib.

Mehman Hüseynov Daxili İşlər Nazirliyinin qarşısında şüar qaldırır
Mehman Hüseynov Daxili İşlər Nazirliyinin qarşısında şüar qaldırır

Bu hadisə Mehman Hüseynov və digər fəallar dünən axşam saatlarında Daxili İşlər Nazirliynin binası qarşısında reper Pərviz Quluzadəyə (Paster) azadlıq şüarları qaldırdıqdan sonra baş verib. Reper “Gang” klipində hakim ailəyə məxsusluğu bildirilən Paşa Bankın adını hallandırdıqdan sonra narkotik təsiri altında xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edilib. Reperin “Gang” klipi bu il dekabrın 9-da YouTube kanalında yayımlanıb. Klipin 1.24 dəqiqəsində “Götürəcəyəm ölkəni necə Paşa Bank” ifadəsi işlədilib. Klipə yüz minlərlıə insan baxıb.

"Polis əməkdaşları məni döyə-döyə polis avtomobilinə mindirərək şəhərdən kənarda çöllüyə apardılar. Onlar köynəyimi zorla başıma keçirdilər ki, hara aparıldığımı görməyim. Məni çöllükdə avtomobildən düşürdülər. Onlar məni döyürdülər, nalayiq hərəkətlər edirdilər. Deyirdilər ki, səni bir də şəhərin mərkəzində görməyək. Sən təşkilatçısan, plakatlar haradadır. Məni palçığın içərisinə uzatmaq istədilər. Məni yerə yıxmışdılar. Altı nəfər üzərimdə oturmuşdu və döyürdülər. Sonra çöllükdə atıb getdilər," o qeyd edib.

Bloger gecə qaranlığında avtomobil yoluna çıxıb və telefonla dostları ilə əlaqə saxlayıb. Dostları onu xəstəxanaya çatdırıb.

Hüseynov xəstəxanada müayinədən keçib, polisin hərəkətindən şikayət edəcəyini bildirib.

“Mehman Hüseynovun polis tərəfindən döyülməsilə bağlı açıqlamaları həqiqəti əks etdirmir, yalan və uydurmadır”.

Daxili İşlər Nazirliyi İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəsi Ehsan Zahidov bunu blogger Mehman Hüseynovun saxlanması və döyülməsi ilə bağlı açıqlamasına cavab olaraq bildirib.

Zahidovun dediyinə görə, Mehman Hüseynov və ətrafında olan bir qrup şəxs dekabrın 27-si gecə saat 12 radələrində əhalinin istirahət etdiyi bir vaxtda şəhərin mərkəzində icazəsiz aksiya keçirməyə cəhd edib.

“Məhkəmənin qanuni hökmü ilə inzibati qaydada həbs edilmiş şəxsin (Paster” ləqəbli repçi Pərviz Quluzadə nəzərdə tutulur- red) azad olunması məqsədilə icazəsiz aksiya keçirməyə cəhd ediblər. Polisin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq Hüseynov öz qanunsuz və ictimai asayişin pozulmasına yönəlik hərəkətlərini davam etdirib. Belə halda polis məcbur olub Hüseynovu həmin ərazidən uzaqlaşdırıb.”

Mehman Hüseynovun polis tərəfindən döyülməsi ilə bağlı açıqlamasına gəlincə Zahidov deyib:

“Amma sonradan Hüseynov iddia edir ki, guya ona təzyiq olub, bunar hamısı yalandır. Əgər Mehman Hüseynov sonradan kim tərəfindən döyülübsə, təzyiqə məruz qalıbsa, buyursun, ərazi üzrə polis orqanına müraciət etsin. Məsələ araşdırılsın ki, doğrudanmı döyülüb? Döyülübsə də kim tərəfindən döyülüb,” Zahidov belə bildirib.

Mehman Hüseynov yüz minlərlə izləyicisi olan blogerdir. Onu 2017-ci il martın 3-də Bakının Suraxanı rayon Məhkəməsi Nəsimi rayon Polis İdarəsinin rəisinin iddiası ilə böhtanda günahlandıraraq iki il həbsə məhkum edib.

Daha sonra blogerə qarşı həbs müddətinin bitməsinə az qalmış cəzaçəkmə müəssisəsinin əməkdaşına qarşı zor tətbiq etmək iddiası ilə yenidən cinayət işi başlanılıb. Bloger etiraz olaraq uzunmüddətli aclıq aksiyası keçirib. Onun aksiyası geniş ictimai və beynəlxalq tənqidlərə yol açıb. 2019-cu ilin yanvarın 19-da Demokratik Qüvvələrin Milli Şurası Mehman Hüseynov və digər siyasi məhbuslara azadlıq şüarı ilə mitinq keçirib.

Bütün bunlardan sonra cinayət təqibinə son verilib. Bloger iki illik həbs müddəti bitdikdən sonra azadlığa buraxılıb.

Hüseynov bu il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində namizəd olub. İctimai rəydə favorit olmasına baxmayaraq seçki komissiyası onun bələdiyyə üzvlüyünə seçilmədiyini bildirib.

Hüseynov ona qarşı baş verənləri sifariş hesab edir və bələdiyyə seçkilərində səsvermənin nəticələrinin saxtalaşdırıldığını bildirir.

Bloger məhkəmələrə şikayət verib.

XS
SM
MD
LG