Accessibility links

Diktatorun ölümü siyasi dəyişikliyə səbəb olurmu? [Araşdırma]


Robert Muqabe
Robert Muqabe

Yeni araşdırma göstərir ki, avtoritar idarəçilər hakimiyyətdəykən təbii səbəblərdən öləndə, ardınca ölkədə demokratiya yaranmır. Əksər hallarda onların ölümündən sonra yaranan zorakılıq və münaqişə səbəbilə status-kvo zərər görür.

Diktatorlar Öləndə (When Dictator's Die) adlı araşdırma Journal of Democracy-də (Demokratiya Jurnalı) dərc olunub. Miçiqan Ştat Universiteti və Milli Kəşfiyyat Şurası 1946-2012-ci illər arasında hakimiyyəti zamanı ölən 80 avtoritar ölkə başçısını araşdırıb. Hazırda dünyada 55 avtoritar idarəçidən 11-i azı 70 yaşındadır.

Miçiqan Ştat Universitetinin professoru Erika Frantz təhqiqata başlamalarının səbəblərini açıqlayır:

Huqo Çavez
Huqo Çavez

"Araşdırma bir neçə il əvvəl Kim Conq-İlin vəfatı ərəfəsində başladı. Bu hadisədən sonra Şimali Koreyada böyük dəyişikliklərin olacağı barədə söz-söhbət gəzirdi. Bu səbəbdən də biz müşahidə məlumatlarının nə göstərdiyini araşdırmağa başladıq, çünki bu, qeyri-adi bir hal deyildi. Eyni hal Huqo Çavezin vəfatından sonra Venesuelada da baş vermişdi."

Tədqiqatçılar mediada mümkün rejim dəyişikliyi ilə bağlı xəbərlərin reallığa uyğun olub-olmadığını müəyyən etmək istəyirdilər.

"Biz vəzifədə olarkən ölüm hallarının qeyri-adi olmadığını aşkar etdik. Adətən diktaturalarda çevriliş, seçki və ya hər hansı üsyan yolu ilə baş tutan hakimiyyət dəyişikliyi olduqca əhəmiyyətli hadisə olur. Bu cür halların təxminən yarısında isə rejim dəyişikliyi baş verir. Dövlət başçısının hakimiyyətdəykən ölümü, demək olar ki, bizim müşahidə etdiyimiz ən sabit hakimiyyət dəyişikliyidir."

Frantz deyir ki, 87 faiz hallarda avtoritar idarəçi hakimiyyətdə ikən öldüyündə, heç bir rejim dəyişikliyi olmur. 13 faiz hallarda isə bu baş verir.
O deyir ki, 1946-2012-ci illər arasında idarəçilərin vəfat hallarının analizi göstərir ki, rejim dəyişikliyi ehtimalını artıran bəzi amillər mövcuddur.

Adətən diktaturalarda çevriliş, seçki və ya hər hansı üsyan yolu ilə baş tutan hakimiyyət dəyişikliyi olduqca əhəmiyyətli hadisə olur. Bu cür halların təxminən yarısında isə rejim dəyişikliyi baş verir.
Erika Frantz

"İlki odur ki,əgər hakimiyyət bir insanın əlində cəmləşibsə, dəyişiklik mümkündür. Hakimiyyətin bir diktarorun əlində olması o deməkdir ki, varisliyi həyata keçirəcək dövlət qurumlarının sayı çox azdır. Digər mühüm amil odur ki, diktatorun ölümündən öncəki aylarda etirazlar olursa, o diktatorun ölümündən sonra rejim dəyişikliyi ehtimalı da artır."

Tədqiqatda həmçinin yaşlı dövlət başçısının hakimiyyəti altında çevriliş ehtimalı araşdırılır.

"Biz yaşlı idarəçilərin çevrilişlə üzləşmək ehtimallarının yüksək olduğuna işarə edən heç bir əlamətə rast gəlmədik."

Frantz deyir ki, araşdırmadan bir neçə nəticə çıxarmaq olar.

"Təəssüf ki, demokratikləşmə tərəfdarları, hakimiyyətdə yaşlı insan gördüklərində bunu onun həqiqi təcrübəli siyasətçi olduğuna işarə olaraq görürlər, çünki həmin siyasətçi illərdir hakimiyyəti əlində saxlamağa nail olub. Burdan çıxardığımız digər nəticə odur ki, rəhbərlik dəyişikliyi ölkədə rejimin çökmə riskini artıran məqamdır. Ancaq idarəçinin ölüm halı bu riski artıran əsas amillərdən deyil."

Kim İl Sunq və Kim Conq İl
Kim İl Sunq və Kim Conq İl

Avtoritar başçı öləndən sonra dəyişikliyin olmamasının başqa səbəbi də odur ki, rəsmilər onun siyasətini dəyişməyə heç bir səbəb görmürlər.
Bəzi ölkələrdə liderlər hakimiyyətdə daha uzun müddət qala bilmək üçün Konstitusiya dəyişikliyi ediblər. Frantz deyir ki, onlar bu metoddan ona görə istifadə edirlər ki, hakimiyyətdə qalmaq üçün sərt güc tətbiq etməkdənsə, ölkədə demokratiya təsəvvürü yaradırlar.

"Lakin, bunu da əlavə etmək istərdim ki, Afrika kontekstində, biz qeyri-sabitlik riskinin yüksək olduğu ölkə kimi Zimbabveni qeyd etmişik, çünki orada son aylarda bir sıra etirazlar olub ki, bu, bəzi müxalif şəbəkələrin rejim dəyişikliyi həyata keçirmələrini asanlaşdıra bilər."

Zimbabvenin prezidenti Robert Muqabenin önümüzdəki fevral ayında 93 yaşı olacaq. O, 1987-ci ildən bəri hakimiyyətdədir. Ölkənin zəif və problemli iqtisadiyyatı bir sıra etirazlara səbəb olub. İnsan haqları qrupları deyir ki, təhlükəsizlik qüvvələri etirazçılar və demokratiya tərəfdarı fəallarına qarşı güc tətbiq edib. Hökümət isə bu ittihamları rədd edir.

XS
SM
MD
LG