Accessibility links

Diyarbəkirdə PKK şübhəlilərini daşıyan polis maşınına hücum edilib


Türkiyə rəsmiləri bildirir ki, Diyarbəkir şəhərində avtomobilə yerləşdirilmiş bombanın partlaması nəticəsində üç nəfər həlak olub, 45 nəfər yaralanıb.

Bomba hücumu yeddi şübhəli PKK militantını müalicə üçün xəstəxənaya aparan polis avtomobilinin yolla getdiyi vaxt baş verib. Polis avtomobilində doqquz polis işçisinin olduğu bildirilib.

Yeddi PKK militantının Diyarbəkirdə zavodu ələ keçirdikləri ilə əlaqədar saxlandığı bildirilib. Bu haqda vilayət rəsmilərinin bəyanatında məlumat verilib, lakin təfərrüatlar açıqlanmayıb.

Hücum zamanı ağır yaralanan üç şəxsin xəstəxanada öldüyü deyilir. Ölənlərin polis işçisi və ya PKK militantları olduğu barədə məlumat verilməyib.

12 polis işçisi və yaxınlıqdakı kafedə oturan müştərilər də daxil olmaqla 33 mülki vətəndaş hadisə zamanı yaralanıb.

Kürd üsyançılar iyul ayından başlayaraq polis işçiləri və hərbi personalı hədəf alır.

Türkiyə mətbuatının verdiyi məlumata görə çərşənbə axşamı günü Van vilayətində iki polis işçisi yolda yerləşdirilmiş bombanı zərərsizləşdirərkən həlak olub. Hadisəyə görə PKK militantları günahlandırılır.

XS
SM
MD
LG