“Bakı səfərinin əsas yekunları: tərəflər hərbi-texniki əməkdaşlıq kimi həssas sahədə məsuliyyətli və etibarlı tərəfdaş olduqlarını təsdiqləyiblər”. Bu barədə Rusiya baş nazirinin müavini Dmitri Roqozin prezident İlham Əliyevlə danışıqlarının yekunları ilə bağlı Tvitterdəki mikrobloqunda yazıb.
Məlum olduğu kimi, Rusiya tərəfi bəyan edib ki, Azərbaycan ölkəyə göndərilən silaha görə 4 mlrd. dolların hamısını ödəməyib. Ödənilməyən vəsaitin həcmi açıqlanmayıb. Lakin güman etmək olar ki, söhbət milyonlarla dollardan gedir.
İki günlük danışıqlarda “Rosoboroneksport” və hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin nümayəndələri iştirak ediblər.
Səfər öncədən planlaşdırılmayıb.
“İxrac müqavilələri ilə bağlı çətinlik yaranıb ki, bunları da yüksək səviyyədə həll etmək lazımdır”, - həmin qurumlardakı mənbələr “Kommersant” qəzetinəbildiriblər.
Söhbət bir neçə il öncə bağlanmış silah müqavilələrinə görə ödənişdən gedir. Neftin qiyməti endikdən sonra Azərbaycanda ödənişlə bağlı problem yaranıb.
“Sifariş etdikləri texnika hazırlanıb və gətirilib, lakin hələlik limanda dayanıb. Yükün boşaldılmasını və vəziyyətin həllini gözləyirlər”, mənbə bildirib.