Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və prezident Vladimir Putinin müttəfiqi Dmitri Medvedev bazar ertəsi Ukraynanın Rusiyanın bir hissəsi olduğunu bildirib və Rusiyanın tarixi əraziləri "evinə qayıtmalıdır” deyib.
"Ukraynanın keçmiş liderlərindən biri nə vaxtsa Ukraynanın Rusiya olmadığını deyib və bu anlayış həmişəlik yoxa çıxmalıdır. Ukrayna Rusiyadır," Soçidə gənclər forumunda çıxışı zamanı Medvedev deyib.
2008-2012-ci illərdə Rusiyanın prezidenti olmuş Medvedev Rusiya İmperiyasını və Sovet İttifaqını tərifləyib və Ukrayna rəhbərliyi təslim olana qədər Moskvanın "xüsusi hərbi əməliyyatını" davam etdirəcəyini bildirib.
Kyiv bununla bağlı şərh verməyib.
Reuters xəbər agentliyinin bildirdiyinə görə, Medvedevin fikirləri Kremldə böyük əhəmiyyət kəsb edir və onun şərhləri Rusiyanın Ukraynadakı genişmiqyaslı hərbi hədəflərinin göstəricisi ola bilər.
Ukrayna rəsmiləri dəfələrlə Medvedevi və Rusiyanın digər yüksək səviyyəli rəsmilərini işğalçı müharibə aparmaqda ittiham edib, Ukraynanın və onun xalqının Rusiyadan və ruslardan fərqli olduğunu bildirib.
Medvedev Ukraynanın hazırkı rəhbərliyi ilə sülh danışıqlarını istisna edib və deyib ki, danışıqların aparılmasını istəyən Ukrayna hökuməti onun dediyi kimi yeni reallığı tanımalıdır.
Medvedev həmçinin bildirib ki, Rusiya ilə ABŞ arasında əlaqələr hazırda iki ölkənin 1962-ci ildə nüvə münaqişəsi həddinə çatdığı Kuba böhranından daha pisdir.
"Bir acı söz deyəcəyəm. Hazırkı vəziyyət 1962-ci ildəkindən qat-qat pisdir. Bu, Amerika silahları, Amerikanın xüsusi təyinatlıları və Amerika məsləhətçilərinin iştirakı ilə Rusiyaya qarşı tammiqyaslı müharibədir. Bu belədir," Medvedev bildirib.
Forum