Accessibility links

Pizzaların sürücüsüz maşınlarla çatdırılması


Domino’s pizzalarını çatdıracaq avtonom idarə edilən Ford Fusion avtomobili.
Domino’s pizzalarını çatdıracaq avtonom idarə edilən Ford Fusion avtomobili.

Nə dükana getmək lazımdır, nə də ki, zəng etmək. Sadəcə telefon mesajı atmaq kifayətdir. Dünyanın ən məşhur pizza şəbəkələrindən biri olan Domino’s avtomobil istehsalçısı Ford ilə birlikdə müştərilərin sürücüsüz maşınlarla pizza çatdırılması fikrinin necə qarşılayacaqlarını araşdırırlar.

Bir şeyi deməyə unutduq. Maşın sürücüsüz olduğundan pizzanın çatdırılmasına görə “çay pulu” verməyə də ehtiyac yoxdur.

Bu həftədən etibarən, Domino's şirkətinin qərargahının yerləşdiyi Ann Arbor şəhərində pizzalar, avtonom sürülməsi üçün radarlar və kameralarla təchiz olunmuş Ford Fusion avtomobili vasitəsilə çatdırılacaq. Ford-un mühəndisi sükan arxasında olsa da, şüşələr tündləşdirildiyindən, müştərilər onunla ünsiyyətə girə bilməyəcəklər.

Əvəzində isə müştərilər, öz evlərindən çıxıb, avtomobilin üzərində yerləşdirilmiş klaviaturada dörd rəqəmli kodlarını daxil etməli olacaqlar. Beləliklə, arxa şüşə açılacaq və müştərilər, pizzaları isti saxlayan bölmədən öz sifarişlərini götürə biləcəklər. Domino's şirkətindən bildirirlər ki, həmin bölmədə eyni anda beş pizza saxlanıla bilər.

Bu sınaq vasitəsilə Domino's şirkəti, müştərilərin sürücüsüz çatdırılmaya reaksiyalarını anlamağa çalışacaqalar. Onlar, evlərinin önündə avtomobilin dayanmasını necə qarşılayacaq? Avtomobilin üzərindəki klaviaturadan necə istifadə etmək lazım olduğunu anlayacaqlarmı? Yağış və ya qar vaxtı pizzalarını götürmək üçün çölə çıxmaq istəyəcəklərmi? Pizza qutularını avtomobilin yuxarı hissəsinə qoymaqla, bahalı kameralara zərər vuracaqlarmı? Şirkət bu və digər suallara cavab tapacağına ümid edir.

Domino's şirkətinin prezidenti Rassell Viner deyir ki, onların suallarlarının əksəriyyəti çatdırılmanın son 15 metrlik hissəsi haqqındadır.

Vinerin fikrincə, dünya üzrə il boyu milyardan çox pizza çatdıran şirkət, formalaşan trendlərin önündə getməlidir. Sınaq altı həftə çəkəcək və növbəti addımların sınaq nəticəsində əldə etdikləri məlumatlar əsasında müəyyən ediləcək. Onu da qeyd edək ki, Domino's dronlar ilə də pizza çatdırılmasını sınaqdan keçirir.

Domino's şirkətinin rəhbəri deyir ki, onların ABŞ-da 100,000 sürücüsü var və əgər sürücüsüz çatdırılma mümkün olsa, həmin sürücülər şirkət daxilində digər işlərə cəlb oluna bilərdilər.

2021-ci ilə qədər tam sürücüsüz avtomobil istehsal etməyi planlaşdıran Ford şirkətindən bildiriblər ki, bu cür avtomobillərin hansı təyinatlar üçün istifadə ediləcəklərini öncədən anlamaq lazımdır. Bu cür slnaq Ford üçün ilk dəfədir ki, keçirilir. Amma digər şirkətlər də yeni dövrdə qida çatdırılmasının potensialını hiss edirlər. Məsələn, Uber şirkətinin dəstəyi ilə yaranan Otto adlı startap, keçən payız, Koloradoda avtonom idarə edilən yük maşını ilə 50,000 pivə çatdırıb.

XS
SM
MD
LG