Əhalidən donuz qripi xəstəliyinin əlamətləri özünü biruzə verdiyi andan səhiyyə müəssisəsinə müraciət etmək, xüsusi qoruyucu maskalardan istifadə etmək, şəxsi gigiyenaya riayət etmək xahiş olunur. Vətəndaşlara epidemioloji vəziyyəti gərgin olan ölkələrə səfər etməmək, əhalinin kütləvi toplaşdığı - mədəni və digər tədbirlərdə iştirak etməmək tövsiyə edilir.
Bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Mətbuat xidməti bildiri ki, son dövrlərdə dünya əhalisini təşvişə salan "donuz qripi"nə yoluxma halları Azərbaycanda qeydə alınmayıb.
“Ölkədə mövsümi qripin və digər kəskin respirator infeksiyalarının səviyyəsi isə son illərin orta göstəricisini aşmayıb. Bütün sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi ölkəmiz üçün real təhlükə kəsb etdiyindən qarşımızda potensial təhlükə yaratmaqla profilaktik, müalicəvi və əks epidemioloji tədbirlərin həyata keçirilməsi üçün imkanların və resursların mobilləşdirilməsini tələb edir. Bu məqsədlə hələ 8 dekabr 2015-ci il tarixində səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən müvafiq əmr imzalanıb. Əmrdə ağır kəskin respirator xəstəliklərinin dezinfeksiya rejiminə ciddi riayət edilməsinə dair nəzarətin gücləndirilməsi tapşırılıb", qeyd edilir.
Nazirlik xatırladır ki, "donuz qripi" mövsümi qripdən daha ağır cərəyan edir. Hava-damcı yolu ilə yoluxan xəstəliyin intoksikasiya simptomları - qusma, ishal, güclü baş ağrısı ilə başlayır, yüksək hərarət, tənəffüsün çətinləşməsi, tənginəfəsliklə müşahidə olunur. Mövsümi qripdə ağırlaşma 10-15 gün keçdikdən sonra baş verdiyi halda bu virusda xəstəliyin 2-3-cü günlərində ağırlaşmalar müşahidə olunur. Həmçinin daxili orqanlar, xüsusən ağ ciyərlər zədələnir.
Xatırladaq ki, Azərbaycanla qonşu olan İran, Türkiyə, Ermənistan və Ukraynada donuz qripi xəstəliyi qeydə alınıb, ölənlər var.