Accessibility links

ABŞ Dövlət Departamentinin hesabatı: Azərbaycanda dini fəalların həbsləri davam edir


ABŞ Dövlət Departamentinin dünya ölkələrində din azadlığına dair hesabatının bu il Azərbaycana aid bölümündə qeyd olunur ki, hökumət dini fəalların saxlanmasını və həbslərini davam etdirir. Bu da əlavə olunur ki, yerli insan haqları fəalları bu şəxsləri vicdan məhbusu hesab edirlər.

Hesabatda deyilir ki, təxmini hesablamalara görə saxlanan dini fəalların sayı 2015-ci ildə 46 nəfər idisə, ötən ilin sonlarında bu rəqəm 86-ya çatıb.

Bu da vurğulanır ki, hökumətin qeyri-ənənəvi hesab etdiyi dinlərin nümayəndələri – Yehovanın şahidləri, baptistlər və bəzi İslam təşkilatlarının qeydiyyatı prosesi onların fəaliyyətini məhdudlaşdırır.

Məscidlərin bağlanması və qeydiyyatsız icmaların ibadətləri dayandırılır.

Media və hökumətin verdiyi məlumatlara görə sələfilər və baptistlər də daxil dini azlıqların nümayəndələri ölkənin müxtəlif yerlərində həbslərə məruz qalır.

Hesabatda hökumətin Nardaran işi ilə bağlı dini ekstremizm ittihamları ilə 2015-ci ildə həbs edilmiş 17 nəfərin, o cümlədən ilahiyyatçı, Müsəlman Birliyi Hərəkatının lideri Tale Bağırovun məhkəmə işlərini davam etdirdiyi qeyd edilir.

Dövlət Departamenti bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı Elşən Mustafayevin işi ilə bağlı dinləmələr zamanı o, polis tərəfindən fiziki təzyiqə məruz qaldığını bildirib, məhkəmə onu 10 müddətinə həbsə məhkum edib.

Hesabatda deyilir ki, Türkiyədə iyul çevirilişinə cəhdin ardınca Azərbaycan polisi reydlər keçirib və ilahiyyatçı Fətullah Gülənin davamçıları olduqları iddia edilən şəxslər dini nifrəti və təfriqəni qızışdırmaqda ittiham olunaraq həbs edilib.

XS
SM
MD
LG