Çin hökuməti Misir prezidenti Hüsni Mübarəkin istefasına ehtiyatla reaksiya verərək həmin ölkədə sabitliyə çağırıb. Hakim Kommunist Partiyası açıqladığı bəyanatda xarici dövlətləri Misirin daxili işlərinə qarışmamağa çağırıb.
Ekspertlər hesab edir ki, rəsmi Pekin Misirdə baş qaldıran etiraz dalğasının Çində təkrarlana biləcəyindən narahatdır. Çindəki internet saytları Misirdəki hadisələrlə bağlı ictimai şərhləri məhdudlaşdırıb.
Avstraliya baş naziri Culiya Gillard Misirin müvəqqəti hökumətini azad və ədalətli seçkilər üçün aydın cədvəl müəyyənləşdirməyə çağırıb.
Yaponiyanın baş naziri Naoto Kan ümid etdiyini bildirib ki, Misir bundan sonra Yaxın Şərq siyasətində daha da konstruktiv rol oynayacaq.
Cənubi Koreyanın xarici işlər nazirliyi Seulun cənab Mübarəkin istefa qərarına hörmətlə yanaşdığını bildirmiş və yeni hökumətlə yaxından əməkdaşlıq edəcəyini bildirmişdir.