ABŞ-da ‘qaradərililərin həyatı mühümdür’ şüarı altında keçirilən aksiyalara dünya tərəfindən dəstək verilir. Etirazlar ABŞ-da polis tərəfindən saxlanılarkən həyatını itirən 46 yaşlı Corc Floydun ölümünə etiraz olaraq baş qaldırıb. Amerikada bir çoxları öz vətənlərində irqçiliyə məruz qaldığından şikayətlənir.
London parlamenti qarşısında keçirilən həmrəylik nümayişi polis tərəfindən dağıdılma cəhdinə görə zorakılıqlarla nəticələnib.
23 nəfər həbs edilib.
“Biz buraya dinc şəkildə ədalətsizliyə etiraz üçün toplaşmışıq. Floydun ölümü, dünyada baş verənlər indi qlobal bir məsələyə çevrilib” - deyə nümayişçilərdən biri bildirib.
Londonun Trafalqar meydanında “Corc Floyd, onun adını deyin” şüarı ilə nümayiş keçirilib.
ABŞ səfirliyi qarşısında toplaşanlar isə “nəfəs ala bilmirik” deyə bağırıb.
London ətraflarında keçirilən nümayişlər isə daha kiçikmiqyaslı olub.
“Təsəvvür edə bilərsinizmi dünyanı pandemiya bürüdüyü bir vaxt günahsız insanlar qəddarlığa məruz qalır. Onlar nə zaman dayansa, polis nə zəman qəddarlığına son qoysa, o zaman biz də dayanacağıq” - deyə, təşkilatçı Aba bildirib.
“Birləşmiş Krallıqda da irqçilik mövcuddur. Bu, uzun müddətdir davam edir. Qaradərililər, xüsusi də gənc qaradərililər dərilərinin rənginə görə hədəf alınır. Hal-hazırda daha çox mobil telefonlarla dəlillər alırıq. Sosial media bu məlumatları real vaxtda dərhal çatdırmaq üçün simsiz bir platforma olub” - deyə, vəkil və siyasi fəal Şola Mos Şoqbamimu bildirib.
Britaniyanın xarici işlər naziri ABŞ nümayişlərinə öz cavabını verib.
“Biz bütün gərginliklərin azalmasını, Amerikanın birləşməsini istəyirik.”
Britaniya qanunvericiləri də daxil edilməklə, bəziləri nümayişlərin sosial məsafələrin qorunmamasına görə həyatlara təhlükə yaratdığını deyir.
“Koronavirusun planeti sardığı bir vaxtda belə irqçilik dayanmadı”, Şola Mos Şoqbamimu deyib.
Berlində yüzlərlə etirazçı Berlin divarının qalıqları önündə toplaşıb. Divarlara yazılan yazılarda Floyda matəm saxlandığı və ədalətin tələb edildiyi yazılıb.
Yeni Zelandiyada minlərlə insan ABŞ nümayişlərinə dəstək məqsədi ilə aksiya keçirib. Oukland şəhərində nümayişçilər ABŞ konsulluğu qarşısında “qaradərililərin həyatı mühümdür” və “ədalət yox, sülh yoxdur” şüarları səsləndirib.
Polis qəddarlığına qarşı ABŞ-dakı etirazlar dünyanın bir çox yerində dəstək aksiyaları ilə müşayiət edilir.