Accessibility links

Dünya Xeyriyyə İndeksi: Amerikalılar dünyanın ən səxavətli millətidir


Xeyriyyələrə ianə vermək Amerika həyatının tərkib hissəsidir. Dünya Xeyriyyə İndeksinə əsasən, amerikalılar dünyanın ən səxavətli millətidir. Daha sonra siyahıda İrlandiya, Avstraliya, Yeni Zelandiya və Britaniya yer alır. Başqa araşdırmaya əsasən 2010-cu ildə Amerika xeyriyyələrində verilən ianənin 73 faizi sadə vətəndaşlardan gəlib.

Virciniyanın Aleksandriya şəhərində sübh çağıdır və maşınlar Salvation Army Mərkəzi qarşısında sıraya düzülüblər. Maria və İnqrid istifadə etmədikləri əşyaları ianə edirlər.

Maria: “Burada çoxlu paltarlar var ki, onlar heç vaxt geyilməyib. Mən onları atmaq istəmirəm. Onlar elə yaxşı vəziyyətdədirlər ki, fikirləşdim ki, kimsə onlardan istifadə edə bilər.”

İnqrid: “Bir tərəfdən bizə lazım olmayan şeylərdən yaxa qurtarırıq, o biri tərəfdən anlayırıq ki, bunlar başqalarına lazım ola bilər. Onları tullamaqdansa bura gətiririk.”

Yucin Dauni ianə mərkəzinin müdiridir. O, verilən ianələri və paylaşma bölümlərini göstərməkdən qürur duyur.

“Gördüyüm ən qəribə ianə 10 gün əvvəl verilən vertolyotdur. Bu tam işlək 2 metr uzunluğunda mühərrik və propellerlərə malik uzaqdan idarə edilən vertolyot idi.”

Bəs insanlar niyə ianə verirlər? Bunun bir səbəbi odur ki, ABŞ-da verilən ianəni vergidən çıxmaq olur.

“Bəziləri ona görə ianə edirlər ki, ortada vergi insentivləri var.”

Amma Salvation Army əməkdaşı Corc Hud bunu əsas səbəb hesab etmir.

“Zənnimcə Amerika ictimaiyyətində çoxu ona görə ianə verir ki, ehtiyacı olanlara yardım etmək istəyirlər.”

Hud deyir ki, xeyriyyəçilik ənənəsinin ABŞ mədəniyyətində dərin kökləri var. Onun sözlərinə görə xeyriyyəçilik və icma layihələri insanlar üçün bir-biri ilə təmas qurmağa imkan yaradır. Hud əlavə edir ki, amerikalılar təbii fəlakətlər zamanı, ələlxüsus uşaqların cəlb olunduğu layihələrə dərhal yardım edirlər. O, bildirir ki, iqtisadi tənəzzül xeyriyyəçiliyə müəyyən təsir göstərib, amma çox yox.

“Bizim üçün bu, hələ də müəmmadır. İllik ianələr təqribən 6 faiz azalıb. Amma Milad mövsümündə küçədə yığılan ianələrin həcmi 25 faiz artıb,” deyə Corc Hud bildirir.

Pul və işlənmiş əşyalardan əlavə, ameriakalılar öz vaxtlarını da könüllü kimi ianə edirlər. Ötən il, 64 milyondan çox amerikalı - ABŞ əhalsinin 27 faizi – könüllü qismində çalışıb.

XS
SM
MD
LG