Accessibility links

Senator Bencamin Kardin: Hüquq pozanları ağrıyan yerlərindən vurmaq lazımdır!


Aprelin 19-da Vaşinqtonda qərargahlanan Karnegi Beynəlxalq Sülh Fondunda “ABŞ-Rusiya Münasibətlərinin Növbəti Mərhələsi” başlıqlı forum keçirildi. Forumda nitq söyləyən ABŞ senatoru Bencamin Kardin ABŞ-Rusiya münasibətlərində insan hüquqlarının başlıca prioritet olduğunu söylədi və Rusiyada insan haqlarını pozan rəsmilərə qarşı sanksiyalar nəzərdə tutan qanun layihəsini müdafiə etdi. Nitqin ardınca təşkil olunan panel diskussiyasında ekspertlər Vladimir Putinin prezidentliyə qayıdışı ərəfəsində həmin ölkədə demokratiyanın durumu haqda fikirlərini paylaşdılar.

Senator Bencamin Kardin Konqresə seçildiyi gündən insan haqlarının müdafiəsi ilə bağlı göstərdiyi fəaliyyəti önə çəkdi. O, vaxtikən Cənubi Afrikada Aparteid rejiminə qarşı sanksiyaların sponsoru olduğunu qeyd etdi, və vurğuladı ki, insan haqlarının müdafiəsi uzun dönəmdə beynəlxalq təhlükəsizliyə və qlobal sülhə xidmət edir:

“İnsan haqlarını müdafiə edən siyasətçilər olaraq biz məsələlərə daha geniş miqyasda və realistik şəkildə yanaşırıq. Bizə arxalana biləcəyimiz stabil tərəfdaşlar lazımdır. İnsan haqlarına hörmət etmədən təhlükəsizlik ola bilməz. Öz vətəndaşlarının hüquqlarını müdafiə etməyən hökumət sülhü təmin edə bilməz.”

Senator Kardin bildirdi ki, dünyanın bir çox güşələrində insan haqları ilə bağlı ciddi problemlər mövcuddur. Dünya ictimaiyyəti bu sahədə liderlik üçün ABŞ-a baxır. Amerikalı vergi ödəyənlər ölkələrinin korrupsioner hökumətləri olan dövlətlərə yardım göstərməsini istəmirlər. Əgər maddi yardım xalqın deyil, həmin ölkəni idarə edən avtoritar liderlərin ciblərini doldurursa, onda bu yardım öz mənasını itirmiş olur. Senatorun sözlərinə görə, təəssüf ki, Rusiyada sadalanan problemlərin demək olar ki, hamısı mövcuddur. Bu ölkədə korrupsiya tüğyan edir, rəhbərlik seçkiləri saxtalaşdırır, jurnalistləri həbsə atır və siyasi müxalifəti əzir. Bu üzdən senator Kardin Rusiyada qətlə yetirilmiş hüquq müdafiəçisi Sergey Maqnitskinin xatirəsinə ithaf efdilmiş qanun layihəsi irəli sürdüyünü bəyan etdi. Sergey Maqnitski Cavabdehlik Aktı insan haqları pozuntularında iştirak etmiş Rusiya rəsmilərinə qarşı visa və vəsait sanksiyaları nəzərdə tutur. Senator hesab etdiyini bildirdi ki, Sovet dönəmindən qalma və artıq əhəmiyyətini itirmiş Cəkson-Vanik qanununu əvəzləyəcək bu yeni ölçü Rusiyada insan haqlarının qorunmasına böyük töhfə verə bilər. O, əlavə etdi ki, Rusiyada sivil cəmiyyət və müxalifət nümayəndələri belə bir qanunun qəbulunu ürəkdən dəstəkləyirlər:

“Bu qanun insan haqlarını kobud şəkildə pozmuş şəxsləri siyahıya alır. Bəli, biz bu siyahını ona görə istəyirik ki, həmin adamları rüsvay edək. Biz onlara mesaj vermək istəyirik ki, siz bu əməlləri törətsəniz, sizi ifşa edəcəyik, çünki adlar çəkilməyəndə hökumətlər adekvat reaksiya vermirlər.”

Bencamin Kardin əlavə etdi ki, Rusiyada rejim mənsubları Qərb maliyyə dariələri ilə sıx əlaqə saxlayırlar. Onlar öz pullarını rublda yox, dollarda, avrolarda saxlayırlar, Qərb banklarına yatırırlar. “Bu növ adamları ağrıyan yerlərindən vurmaq lazımdır,” deyə senator Kardin bildirdi. O, Maqnitski qanununa hər iki partiyadan geniş dəstəyin olduğunu bildirərək, ümid etdiyini söylədi ki, tezliklə bu qanun qəbul olunacaq. Qanunun rus xalqını deyil, Rusiyadakı avtoritar rejimi hədəf aldığını vurğulayan amerikalı qanunverici insan hüquqlarının Konqres üçün başlıca prioritet olaraq qalacağını qeyd etdi.

Senator Kardinin nitqindən sonra ekspertlərdən ibarət panel diskussiyası başlandı. Corctaun Unviersitetinin Rusiya və Şərqi Avropa Araşdırmaları Proqramının direktoru Angela Stent Rusiya ilə bir sıra ikitərəfli layihələrin mövcud olduğunu və xüsusilə enerji sahəsində Exxon Mobil və Rosneft şirkətləri arasında bu yaxınlarda əldə olunmuş sazişi qeyd etdi. O, Vladimir Putinin prezidentliyi dönəmində Rusiyada islahatların həyata keçiriləcəyinə və ölkələr arasında ticarətin artacağına ümidini ifadə etdi. Karnegi Fondunun eksperti Lilia Şevtsova isə artıq Rusiyanın büsbütün dəyişdiyini və xalqla hökumət arasında böyük uçurumun yarandığını diqqətə çatdırdı. O, söylədi ki, Qərbin seçimi Rusiya xalqı ilə Putin rejimi arasındadır. Onlardan biri ilə əməkdaşlıq başqa istiqamətdə əməkdaşlığa xələl gətirir. Xanım Şevtsova sivil cəmiyyətin Maqnitski Qanununa güclü dəstək verdiyini qeyd etdi. Microsoft Şirkətinin Qlobal Ticarət üzrə baş direktoru Dorothy Dvoskin təmsil etdiyi şirkətin Rusiyadakı fəaliyyətindən və üzləşdiyi sınaqlardan danışdı. Tədbir sual-cavab sessiyası ilə başa çatdı.

XS
SM
MD
LG