Accessibility links

Dünya Azərbaycanlılarının 4-cü qurultayı başlayıb


Dünya Azərbaycanlılarının 4-cü qurultayı
Dünya Azərbaycanlılarının 4-cü qurultayı

Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı açılıb. Heydər Əliyev Mərkəzində keçirilən qurultayda prezident İlham Əliyev də iştirak edir.

Forumda 49 ölkədən 500-dən diaspor nümayəndəsi və qonaq iştirak edir.

Qurultayda informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclər strategiyası, lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak məsələləri müzakirə ediləcək.

Dünya Azərbaycanlılarının 1-ci qurultayı 2001-ci il noybarın 9-10-da, 2-ci qururltayı 2006-cı il martın 16-da, 3-cü qurultay 2011-ci il iyulun 5-6-da Bakı şəhərində keçirilib.

Bu gün açılan qurultayda prezident İlham Əliyev çıxış edib. O, xaricdə yaşayan azərbaycanlıları Azərbaycana sərmayə qoymağa çağırıb.

“Son illərdə Azərbaycana 200 milyard dollar sərmayə qoyulub. Onun yarısı xaricdən cəlb edilib. Bu da ölkəmizdə biznes mühitinin sağlam olmasının göstəricisidir”.

Prezident hesab edir ki, xaricdə yaşayan azərbaycanlılar hər il azı bir dəfə ailələri ilə Azərbaycana gəlməyə çalışmalıdır.

“Bu, həm vətənlə əlaqələrin qırılmaması üçün vacibdir, həm də ölkəmizə faydalıdır. Azərbaycanın hər cür turizim təsisləri var, istirahət üçün infrastrukturlar mövcuddir. Qoy hər kəs öz ailəsi ilə istirahətini vətənində keçirsin”, o qeyd edib.

Prezident xarici media ilə bağlı da danışıb.

“Beynəlxalq media ilə iş məsələsinə dəstək verilməlidir. Bu, bizim zəif yerimizdir”.

Əliyev xarici media ilə iş sahəsində fəallığın vacibliyini diqqətə çatdırıb.

“Dünya səviyyəsində yeni jurnalist kadrlarının yetişməsinə, onların beynəlxalq media quruluşlarında yerləşməsinə nail olmaq lazımdır. Diaspor təşkilatları özlərinin saytlarını, qəzetlərini yaratsınlar. Həm Azərbaycan, həm də yaşadıqları ölkələrin dillərində. Ermənistan səfil bir ölkədir, ancaq bu istiqamətdə işləyirsə, biz də işləyə bilərik və işləməliyik”, o qeyd edib.

Dövlət başçısı diaspor təşkilatlarının formalaşması prosesinin davam etdiyini deyib. O, diaspor təşkilatlarının 15 il öncəki və indiki durumunu müqayisə edib.

"Əgər o vaxt dünyada azərbaycanlıların 200-dən bir qədər çox diaspor təşkilatı var idisə, hazırda onların sayı 462-dir. Həm kəmiyyət, həm də keyfiyyət baxımından Azərbaycan diaspor təşkilatları böyük yol keçmiş, güclənmiş və bu gün dünya miqyasında azərbaycanlılar və onların təmsil etdikləri təşkilatlar önəmli rol oynayırlar”.

Xatırladaq ki, prezident Əliyev iyunun 2-də Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsinə 3 milyon manat ayrılması barədə sərəncam imzalayıb.

XS
SM
MD
LG