Accessibility links

İyunun 3-də Bakıda Dünya Azərbaycanlılarının 4-cü qurultayı açılacaq


Dünya Azərbaycanlılarının 4-cü qurultayının emblemi
Dünya Azərbaycanlılarının 4-cü qurultayının emblemi

İyunun 3-4-də Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının IV Qurultayı ilə bağlı hazırlıq işləri yekunlaşıb, tədbirin qonaqları və nümayəndələrin siyahısı dəqiqləşdirilib.

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edəcək. Qonaqların arasında xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də var.

Məlumatda deyilir ki, xaricdən dəvət edilən qonaqlarla yanaşı, qurultayın işində Azərbaycanın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də iştirak edəcək.

Dünya Azərbaycanlılarının IV Qurultayının açılış mərasimi iyunun 3-də Heydər Əliyev Mərkəzində baş tutacaq. Rəsmi açılışdan sonra qurultay öz işini panel iclaslarla davam etdirəcək. İclaslarda diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi aparacaq, rəy və təkliflərini səsləndirəcəklər.

Dünya Azərbaycanlılarının Qurultayının çağırılması ilə bağlı prezident Əbülfəz Elçibəy 24 dekabr 1992-ci ildə sərəncam imzalayıb. Lakin o zaman hakimiyyət devrildiyindən qurultay baş tutmayıb. İlk qurultay 2001-ci ildə olub. İkinci qurultay 2006-cı ildə, üçüncü qurultay isə 2011-ci ildə keçirilib.

XS
SM
MD
LG