Accessibility links

Dəyirmi Masa: Freedom House-un hesabatı və Azərbaycanda mətbuat azadlığı


Eynulla Fətullayev məhkəmədə dəmir barmaqlıqlar arxasında
Eynulla Fətullayev məhkəmədə dəmir barmaqlıqlar arxasında

Şahin Hacıyev: “Azərbaycan hökumətinin stragetiyası ondan ibarətdir ki, ölkədə müstəqil mətbuat olmasın."

Vaşinqtonda qərargahlanan Freedom House təşkilatı bu yaxınlarda dünyada mətbuat azadlığının indeksinə dair növbəti hesabatını açıqlayıb. 196 dünya ölkəsi arasında 172-ci yeri tutan Azərbaycanın mətbuat azadlıqları ilə bağlı göstəriciləri sərt tənqid olunur və bu istiqamətdə vəziyyətin pisləşdiyi bildirilir. Azad olmayan ölkələrin kateqoriyasına daxil edilən Azərbaycanda jurnalistlərin daim təqiblərə və təhdidlərə məruz qaldığı vurğulanır. Azərbaycanda mətbuat azadlığının durumunu müzakirə etmək üçün dəyirmi masa söhbətimizə Media Hüquqları İnstitunun rəhbəri Rəşid Hacılı və Nəcəf Nəcəfov Fondunun direktoru Şahin Hacıyevi dəvət etdik.

Rəşid Hacılı hesabatda əks olunanlarla razılaşdığını bildirərək ümumilikdə vəziyyətin onda yaxşı əhval-ruhiyyə yaratmadığını söylədi. Diqqəti həbsdə olan jurnalistlərə və blogerlərə yönəldən Rəşid Hacılı Azərbaycanda söz azadlıqları ilə bağlı xeyli problemlərin mövcud olduğunu bildirdi. Nəcəf Nəcəfov Fondunun direktoru Şahin Hacıyev də hesabatda deyilənlərlə razılaşdığını bildirərək qiymətin əslində Azərbaycan hökumətinin mətbuatla bağlı yürütdüyü strategiyaya verildiyini bildirdi. “Stragetiya ondan ibarətdir ki, müstəqil mətbuat olmasın. Olan mətbuat da tam nəzarət altında olsun. Verilən qiymət də bu barədədir,” deyə cənab Hacıyev bildirdi.

Azərbaycanda mətbuatla bağlı tendensiya haqda danışarkən Rəşid Hacılı qeyd etdi ki, son illərdə Azərbaycan insanının ətrafda baş verənlər barədə məlumat almaq imkanları qat-qat məhdudlaşıb. Onun sözlərinə görə internetdən istifadənin genişlənməsi müsbət işartı kimi dəyərləndirilə bilər: “Amma başqa sahələrdə, xüsusilə televiziya və radio sahələrində çox ciddi şəkildə biz bu məhdudlaşmanı görürük. ANS televiziyasının bağlanması yəqin ki, yadınızdadır. Azadlıq, Amerikanın Səsi, BBC-radiolarının FM tezliklərindən yığışdırılması əsas məsələlərdən biridir. İctimai televiziya və başqa telekanallarda da əvvəllər alternativ fikirlərə yer verilirdi ki, bu imkanlar indi məhdudlaşıb.” Şahin Hacıyev hazırda yeganə nisbətən azad informasiya məkanının internet olduğunu qeyd edərək, son zamanlar hakimiyyətin bu “adanı” da ələ keçirmək məqsədilə müxtəlif lisenziyalaşdrıma söhbətlərini ortaya atdığını diqqətə çatdırdı. Cənab Hacıyevin fikrincə ənənəvi media orqanlarını nəzarət altına almış hakimiyyət parlament seçkiləri ərəfəsində interneti də hədəf almağa can atır.

Jurnalist həbslərindən söz düşərkən, Rəşid Hacılı Eynulla Fətullayuevin, Qənimət Zahidin və bloggerlər Adnan Hacızadə və Emin Millinin həbslərinin media məkanında qorxu mühiti yaratmasına yol açdığını söylədi. O, həmçinin diqqəti zorakılıqlara məruz qalmış jurnalistlərin işləri üzərində təhqiqatların aparılmaması və cəzasızlıq mühitinin yarandığına çəkdi. Cənab Hacılı söylədi ki, 2003-cü ildən bəri baş vermiş 350-dən çox zorakılıq insidenti ilə bağlı ciddi işlər görülməyib və bunlardan yalnız üçündə təqsirkarlar məhkəmə qarşısına gətiriliblər. O, bunların sırasında Monitor jurnalının redaktoru Elmar Hüseynovun qətlini, jurnalist Aqil Xəlilə edilən hücumu və cinayətkarların cəzalandırılmamasını xüsusi qeyd etdi.

Azərbaycanda azad mətbuatın taleyi ilə bağlı danışarkən Şahin Hacıyev nikbin olmaq üçün əsasların olduğunu bildirdi. Cənab Hacıyevin sözlərinə görə Elmar Hüseynov öldürüldükən sonra bir çoxları Azərbaycanda azad mətbuatın bitdiyini hesab edirdilər. Onlara elə gəlirdi ki, artıq repressiya dalğasının qarşısını almaq mümkün deyil: “Amma vaxt keçdi. İndi artıq Elmar kimi cavan istedadlı yazarlarımız çoxdur. Onlar artır, azalmır. Bütün bu təzyiqlərə, çətinliklərə baxmayaraq, onlar mübarizə aparırlar. Bu insan psixologiyasının, təbiətinin qələbəsidir. Nə qədər təzyiq olsa da bu təbiət qələbə çalacaq!”

XS
SM
MD
LG