Fransa xəbər agentliyi müxbirinin verdiyi məlumata görə, kürdlərin rəhbərlik etdiyi qüvvələr bazar ertəsi bir neçə gündür saxlanılan yerli məmura sadiq ərəb döyüşçüləri ilə qarşıdurmalar fonunda Suriyanın şərqindəki Deyr Əz-Zor vilayətinə əlavə qüvvə göndərib.
Döyüşlər ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDF) avqustun 27-də Deyr Əz-Zor Hərbi Şurasının rəhbəri Əhməd Əl-Xabili saxladıqdan sonra başlayıb.
Deyr Əz-Zor vilayətinin kürdlərin nəzarətində olan bir neçə şəhər və kəndində baş verən zorakılıqlar nəticəsində əksəriyyəti döyüşçülər, 9-u isə mülki şəxs olmaqla, 71 nəfər həlak olub.
Suriya Demokratik Qüvvələrinin sözçüsü Fərhad Şami Fransa xəbər agentliyinə onun qüvvələrinin Xabilə sadiq döyüşçülərin cəmləşdiyi sonuncu şəhər olan Dibanda vəziyyəti "tənzimləməyə" çalışdığını bildirib.
"Mülki əhalini ərazini tərk etməyə çağırdıq" deyən Şami son günlər toqquşmaların baş verdiyi digər kəndlərdə də axtarışların aparılmasından sonra vəziyyətin "sabitliyə və gərginliyin sonu"na doğru getdiyini bildirib.
France Press-in müxbiri Suriya Demokratik Qüvvələrinin kürd və ərəb döyüşçülərinin yük maşınlarında Dibana doğru getdiyini görüb.
Ərəblərin çoxluq təşkil etdiyi İraqla həmsərhəd və təbii resurslarla zəngin Deyr Əz-Zor vilayəti Fərat çayı ilə iki hissəyə bölünür və onlarla yerli qəbilə icmasına ev sahibliyi edir. Bu icmalarda bəzi döyüşçülər İslam Dövləti cihadçı qruplaşmasına qarşı döyüşmək üçün Suriya Demokratik Qüvvələrinə qoşulub.
Vilayətə nəzarət Fərat çayının şərqində Suriya Demokratik Qüvvələri ilə qərbdə İranın dəstəklədiyi Suriya hökumət qüvvələri və onlara sadiq qüvvələr arasında bölünüb.
Forum