Qvineyanın Səhiyyə Nazirliyi bildirib ki, BMT-nin Ebola virusu ilə mübarizə səylərini artırması nəticəsində Qərbi Afrikada Ebola virusuna yoluxma halları azalır.
Nazirliyin Ebola üzrə koordinatoru Əbubəkir Sidiki Diakite deyib ki, Qvineya, Syerra Leone və Liberiyada yeni yoluxma hallarının sayı azalıb.
O deyib ki, indi onlar Ebola xəstələri ilə əlaqədə olmuş insanları qeydiyyata almaq çətinliyi ilə üzləşir.
İsveçrə xəstəxanasında tədqatçılar GlaxoSmithKline şirkətinin hazırladığı Ebola vaksinini sınaqdan keçirməyə başlayıb. 120 sağlam könüllü bu sınaqda iştirak edir. Eyni vaksin üzərində ABŞ, Britaniya və Malidə də sınaqlar keçirilir.
Ebola insan bədəninin mayesi ilə ötürülür. Virus qızdırma, qanaxma, qusma və izhala səbəb olur.
Bu virusdan indiyədək əsasən Liberiya, Sierra Leone və Qvineya olmaqla, 5 min insan ölüb.