Accessibility links

Əfqan Muxtarlı daha ağır cəza gözləyirdi


Əfqan Muxtarlı
Əfqan Muxtarlı

Həbsdəki jurnalist Əfqan Muxtarlı daha ağır cəza gözləyib. O, 6 il azadlıqdan məhrum edilməsi barədə məhkəmə hökmünü belə dəyərləndirib.

Jurnalistin fikirlərini dünən, yanvarın 16-sı onunla görüşən vəkili Elçin Sadıqov AzadlıqRadiosuna bölüşüb. Vəkilinin bildirdiyinə görə, Əfqan Muxtarlı məhkəmədən daha ağır cəza gözləntisi içində olduğunu bildirib.

“Məhkəmədən daha ağır cəza gözləyirdim. Özümü bu cəzaya hazırlamışdım”, vəkilin bildirdiyinə görə, jurnalist ona bildirib.

Elçin Sadıqovun bildirdiyinə görə, Əfqan Muxtarlının fiziki və psixoloji durumu normaldır. O, səhhətindən narahatlıq bildirməyib.

Vəkil Elçin Sadıqov
Vəkil Elçin Sadıqov

Vəkilinin qeyd etməsinə görə, Əfqan Muxtarlı həmçinin, ötən il dekabrın 31-də bacısı, bacısı və qardaşı uşaqlarının ölümünün istintaqından narazı olduğunu bildirib.

Əfqan Muxtarlı ölüm işinin istintaqından narazı olduğunu bildirdi. Deyir ki, hadisə ilə bağlı müəyyən şübhələri var. Bununla bağlı açıqlamasının olacağını bildirdi”, vəkil qeyd edib.

Xatırlatma

Gürcüstandan oturum izni almış Əfqan Muxtarlı 2017-ci il mayın 29-da müəmmalı şəkildə saxlanıb. Jurnalistin özü Tbilisidə oğurlandığını, başına torba keçirildiyini, işgəncəyə məruz qaldığını, zorla Azərbaycana gətirildiyini və sərhəddən keçirilərkən cibinə 10 min avro qoyulduğunu bildirib.

Ona Cinayət Məcəlləsinin 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhədi qanunsuz keçmək) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə cinayət işi qaldırılıb. İttihamda iddia olunur ki, jurnalist sərhədi qanunsuz keçərkən onu saxlayan hərbçilərə müqavimət göstərib, birinə xəsarət yetirib, üzərindən də 10 min avro pul çıxıb.

Bu il yanvarın 12-də 6 il müddətinə azadlıqdan məhrum edilən Əfqan Muxtarlı ittihamları rədd edərək, həbsini “siyasi sifariş” adlandırıb.

Ötən il dekabrın 31-də Əfqan Muxtarlının bacısı, bacısı və qardaşı uşaqlarının meyiti mənzillərində tapılıb. Hüquq-mühafizə orqanlarının ilkin ehtimalına görə, ölümlər dəm qazından baş verib. Həmin hadisə ilə bağlı cinayət işi açılıb.

Əlaqəli qurumlar Əfqan Muxtarlının əzizlərinin dəfn mərasiminə buraxılmasına icazə verməyiblər.

XS
SM
MD
LG