Misirin Sinay yarımadasında toplanan yardımın çatdırılması üçün Misirdən Rəfah sərhəd keçid məntəqəsindən Qəzza zolağına yolları təmir etmək üçün avadanlıq göndərilib. Bu barədə cümə axşamı iki təhlükəsizlik mənbəyi məlumat verib.
Rəfah İsrailin nəzarət etmədiyi yeganə sərhəd keçididir, ancaq İsrailin sərhədin fələsinli tərəfinə bombardmanından sonra Qəzzada münaqişənin ilk günlərindən bəri xidmət göstərmir.
Birləşmiş Ştatlar və Misir Qəzzaya yardımın çatdırılması üçün İsraillə razılıq üzərində işləyirdilər və Ağ Ev çərşənbə günü 20-yə qədər yük maşınının keçməsi üzərində razılığın əldə olunduğunu və daha sonra əlavə yardımın çatdırılacağına dair ümidin olduğunu bildirib.
Qəzzanın 2.3 milyon sakininin əksər hissəsi hazırkı münaqişə oktyabrın 7-də başlamadan öncə yardımdan asılı idi.
BMT-nin məlumatına görə, hər gün təxminən 100 yük maşını anklava humanitar yardlm çatdırırdı. Misirin təhlükəsizlik mənbələrinin dediyinə görə, cümə axşamı sərhəd keçidinin Misir tərəfində 100-dən çox yük maşını gözləyir, ancaq yardımın cümədən öncə çatdırılacağı gözlənilmir.
Misirin Rəfahdan təxminən 45 kilometr cənubda da əlavə yardım saxlanılır. Qərb hökumətləri Qəzzadan xarici pasport sahiblərinin evakuasiyası ilə bağlı danışıqlar aparır. Misir rəsmiləri bunu yardımın çatdırılması ilə şərtləndirib. Potensial evakuasiyanın təfərrüatları bəlli deyil.
İsrail baş naziri Benyamin Netanyahunun ofisi çərşənbə günü ABŞ prezidenti Co Baydenlə danışıqlardan sonra deyib ki, təchizatlar HƏMAS-ın əlinə keçmədiyi müddətcə, İsrail Qəzzaya mülki şəxslər üçün yardımın çatdırılmasını blok etməyəcək.
O, HƏMAS-ın saxladığı girovlar qaytarılmayanadək İsraildən Qəzzaya humanitar yardımın blokadasını davam etdirəcəyini deyib.
İsrailin bombardmanı və Qəzzanın mühasirəsi oktyabrın 7-də HƏMAS-ın ölkəyə daxil olaraq 1400 nəfəri öldürməsi və girov götürməsinə cavabıdır.
HƏMAS 2007-ci ildə ərazinin nəzarətini ələ keçirəndən bəri İsrail və Misir Qəzzanın blokadasını davam etdirir, malların və insanların daşınmasına ciddi nəzarət edir.
Forum