Accessibility links

BMT Azərbaycanda çimərliklərin təmizlənməsi aksiyasını dəstəkləyir


300-ə yaxın gənc fəal, Azərbaycanda fəaliyyət göstərən BMT agentliklərinin əməkdaşları, eləcə də vətəndaş cəmiyyəti və özəl sektor təmsilçiləri Bakıda Buzovna çimərliyində keçirilmiş təmizlik aksiyası zamanı 5 tona yaxın plastik və digər tullantılar toplayıb.

BMT-nin Azərbaycandakı ofisinin məlumatına görə, "Ətraf Mühit həftəsi" çərçivəsində baş tutan tədbiri BMT-nin Azərbaycandakı nümayəndəliyi, İDEA İctimai Birliyi, "Təmiz Şəhər" açıq səhmdar cəmiyyəti və Azərbaycan Gənclər Fondu təşkil edib.

Çimərlikdə təmizlik aksiyası Ümumdünya Ətraf Mühit Gününün 2018-ci il mövzusuna - "Plastik çirklənməyə son" mövzusuna həsr olunub. Bu mövzu plastik çirklənmənin vəhşi təbiətə və sağlamlığa vurduğu ziyanın həcmini azaltmaq üçün gündəlik vərdişləri yenidən nəzərdən keçirməyə dəvət edir.

BMT-nin Azərbaycanda fəaliyyət göstərən agentliklərinin 35 əməkdaşı ilə birlikdə təmizlik aksiyasına qoşulan BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai bunları deyib.

"Yüzlərlə gəncin bugünkü təşəbbüsü dəstəkləməsini görmək çox xoş idi. Bu, onların ətraf mühiti qorumaq istəyini əyani nümayiş etdirdi. Bu sahədə məlumatlılığın artırılmasını və ölkə vətəndaşlarının birdəfəlik plastik qabların istifadəsini ciddi şəkildə azaltması üçün belə tədbirlərin daha çox keçirilməsi zəruridir".

Aksiya iştirakçıları plastikdən hazırlanmış su qabları, çöplər, mətbəx qabları, eləcə də konserv bankaları, siqaret kötükləri və digər tullantıları yenidən emal üçün "Təmiz Şəhər" cəmiyyətinə təhvil verib.

XS
SM
MD
LG