Accessibility links

Azərbaycanın keçmiş prezidentləri və ailə üzvlərinin təminatı dövlət büdcəsindən ödəniləcək


Ayaz Mutallibov
Ayaz Mutallibov
“Keçmiş prezident və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanununu qüvvəyə minib.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanununu və qanunun tətbiqi barədə fərman imzalayıb.

Qanun Konstitusiyanın 108-ci maddəsinin II hissəsinə uyğun olaraq əvvəllər Azərbaycan prezidenti seçilmiş şəxsin (keçmiş prezident) və onun ailə üzvlərinin təminatı qaydalarını müəyyən edir.
Sənədə görə, keçmiş prezident fəaliyyətdə olan prezidentin aylıq vəzifə maaşının 50 faizi məbləğində aylıq pensiya alır. Eyni zamanda, keçmiş prezidentin vəfatından sonra ona ödənilən pensiyanın 50 faizi ailəsinə verilir.

Dövlət qulluqçusu üçün müəyyən edilmiş tibbi təminatlara dair bütün qanun və qaydaların müddəaları keçmiş prezidentə və onun ailə üzvlərinə şamil olunur.
Keçmiş prezidentə həmçinin üç nəfərdən artıq olmayan təhlükəsizlik heyəti, bir sürücü, bir nəqliyyat vasitəsi verilir. Fəaliyyətdə olan prezidentin aylıq vəzifə maaşının 20 faizi məbləğində aylıq təmsilçilik xərcləri ödənilir. Keçmiş prezidentə və onun arvadına (ərinə) ömürlük diplomatik pasport verilir.

Qanuna görə, keçmiş prezident (onun arvadı və ya əri ) seçilməzdən əvvəl və prezidentlik səlahiyyətlərini icra edərkən etdiyi hərəkətlərə (hərəkətsizliyə) görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilməz.

Qanunun tətbiqi 1992-ci ildən Moskvada sığınacaq tapmış Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun ölkəyə qayıdışı üçün tam təminat yaradır. Yəqin ki, Ayaz Mütəllibova qarşı qaldırılmış cinayət işi və həbs qərarı ləğv ediləcək.
Bununla yanaşı, Azərbaycanın demokratik seçki yolu ilə seçilmiş prezidenti, xalq hərəkatının lideri olmuş mərhum prezident Əbülfəz Elçibəyin ailə üzvləri də bu qanundan yaralanacaq.
XS
SM
MD
LG