İsrail yerli Əl-Cəzirə tele-kanalını bağlamağı planlaşdırır. Məlumatı Kommunikasiya Nazirliyi yayıb.
Kommunikasiya naziri Ayub Karanın bildirdiyinə görə, Əl-Cəzirənin müxbirlərinin mətbuat etibarənamələri əllərindən alınacaq. Bu isə onların ölkə daxlindəki fəaliyyətlərinin dayandırılması deməkdir.
Kara bu bəyanatla bu gün mətbuat konfransında çıxış edib. O deyib ki, kanalın həm ingilis, həm də ərəb dilində yayımlarına son qoyulacaq.
İsrailin baş naziri Benyamin Netanyahu ötən həftə Əl-Cəzirənin bağlanması ilə hədələmişdi. Kanalın Əl-Əqsa məscidi ilə bağlı etirak aksiyalarını işıqlandırması zorakılıqların təbliği kimi qiymətləndirilib.
İordaniya və Səudiyyə Ərəbistanı Qətərin bu kanalını artıq bağlayıb. Əl-Cəzirənin Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyndəki ofislərinin də fəaliyyətinə son qoyulub.
Bu dörd ölkə neft və qazla zəngin körfəz ölkəsi olan Qətəri regionda terrorizmi dəstəkləməkdə ittiham edərək, onunla diplomatik və nəqliyyat əlaqələrini kəsib.
Rəsmi Doha isə terrorizmlə əlaqəsi olduğunu inkar edir və qonşu dövlətlərin Qətərə qarşı böhtan kampaniyası aparmaqda günahlandırır.