Accessibility links

Ərdəbil vilayətində Elcan adlı uşağa 99 gün sonra şəxsiyyət vəsiqəsi verilib


İran Azərbaycanı və Tehranda bəzi ailələr uşaqlarına seçdikləri türk ad ilə şəxsiyyət vəsiqəsi ala bilmək üçün aylar və hətta illərlə mücadilə etmək məcburiyyətində qalır.

Ərdəbil vilayətinin Germi şəhərində yaşayan Qasımi ailəsinin keçən iyul ayının 1-də dünyaya gələn Elcan adlı oğluna şəxsiyyət vəsiqəsi almaq üçün mücadiləsi 99 gün sürüb.

Germi şəhərinin vətəndaşlıq qeydiyyatı idarəsi Elcan adına şəxsiyyət vəsiqəsi verməkdən imtina edirdi. Qasımi ailəsi məhkəməyə müraciət etdikdən sonra adı qeydiyyata keçirməyi bacarıb.

Bu haqda məlumat verən Elcanın atası Möhsin Qasımi yeni verilən şəxsiyyət vəsiqəsi və məhkəmə qərarının surətini sosial mediada paylaşıb.

2001-ci ildə İranda nəşr edilən “Türk İnsan Adları” sözlüyünün müəllifi Fərhad Cavadi daha əvvəl Amerikanın Səsinə verdiyi müsahibədə 1990-cı illərdə vəziyyətin daha da ağır olduğunu ifadə etmişdi.

“Uşağına, dükanına ya şirkətinə türk adı almaq istəyənlərə deyirəm ki, adla bağlı önləyici bir qanun yazılmayıb. Ancaq bunlara (dövlət qurumlarına) tapşırırlar, bir cür edin ki, türk adı qoyulmasın. Elə bir şərait yaradırlar ki, adam neçə gün gedir, gəlir və sonra yorulub imtina edir. Deyir ki, nə ad olursa olsun”, Cavadi müsahibədə bildirib.

XS
SM
MD
LG