Accessibility links

Əbülfəz Elçibəy və Nəcəf Nəcəfov anılır


Əbülfəz Elçibəy və Nəcəf Nəcəfov
Əbülfəz Elçibəy və Nəcəf Nəcəfov

İyunun 24-ü Azərbaycanın demokratrik seçki yolu ilə seçilmiş ilk prezidenti Əbülfəz Elçibəy və müstəqillik dövrünün ilk müstəqil mediası olan “Azadlıq” qəzetinin yaradıcısı Nəcəf Nəcəfov anılır. Bu gün onların ad günüdür.

Əbülfəz Elçibəy və Nəcəf Nəcəfov sovet rejiminə qarşı mübarizədə dost və silahdaş olublar.

Əbülfəz Elçibəy
Əbülfəz Elçibəy

Əbülfəz Əliyev (Elçibəy) 1938-ci il iyunun 24-də Naxçıvanın Ordubad rayonunun Kələki kəndində anadan olub. Ötən əsrin ortalarından başlayaraq xalq azadlıq hərəkatına qoşulub.

1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir.

1988-ci ilin iyulunda o, Azərbaycan Xalq Cəbhəsinin sədri olub.

Elçibəy 1992-ci il iyunun 7-də 51,9 faiz səslə Azərbaycan prezidenti seçilib.

O, 1993-cü ilin iyununda qiyam nəticəsində Bakını tərk edərək anadan olduğu Kələki kəndinə gedib. 4 il 4 ay orada yaşayıb.

Prezidentlik səlahiyyəti bitdikdən bir qədər sonra – 1997-ci ilin 30 oktyabrında yenidən Bakıya dönüb. Demokratik Konqresə sədr seçilən (1997) AXCP sədri Əbülfəz Elçibəy həmin ilin noyabrında Bütöv Azərbaycan Birliyini yaradıb. O, 1997-ci ildə həm də Türk Xalqları Assambleyasının fəxri sədri seçilib.

Əbülfəz Elçibəy 2000-ci ilin avqustun 23-də 63 yaşında Ankarada vəfat edib. Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunub.

Nəcəf Nəcəfov 1955-ci il iyunun 24-də Bakıda anadan olub.

Nəcəf Nəcəfov
Nəcəf Nəcəfov

80-ci ilin əvvəllərindən "İnşaatçı" qəzetində jurnalist fəaliyyətinə başlayıb. Sonra "Vışka" qəzetində şöbə müdiri işləyib. 1986-cı ildə "Molodyoj Azerbaydjana" qəzetinə redaktor təyin edilib. Onun rəhbərliyi dövründə "Molodyoj Azerbaydjana" ölkənin ən populyar və sevimli qəzeti olub.

1988-ci ildə Qarabağ hadisələri başlayarkən bu qəzetin ölkə həyatında rolu, təsiri və populyarlığı daha da artıb və qəzet Azərbaycana qarşı elan edilən ideoloji müharibəyə qarşı qərargaha çevrilib. N.Nəcəfovun və qələmdaşlarının prinsipial mövqeyi respublikanın kommunist rəhbərliyini razı salmayıb və 1988-ci ildə o, vəzifəsindən azad edilib.

Həmin vaxtdan Nəcəf Nəcəfov siyasi fəaliyyətə keçib və Azərbaycan Xalq Cəbhəsinin təşəbbüs qrupuna daxil olub. Müstəqil "Azadlıq" qəzetini təsis edən (1989-cu il) Nəcəfov AXC liderlərindən biri kimi, siyasətlə daha fəal məşğul olmağa başlayıb. 1990-1995-ci illərdə Azərbaycan parlamentinin deputatı olub. 1992-1993-cü illərdə N.Nəcəfov Azərbaycanın o vaxtkı prezidenti Əbülfəz Elçibəyin mətbuat katibi vəzifəsində işləyib. 1993-1995-ci illərdə AXC Məsləhət Şurasının üzvü vəzifəsində çalışıb. Ömrünün son illərində Nəcəf Nəcəfov Müstəqil Sahibkarlığa Yardım Fondunun vitse-prezidenti olub.

Nəcəf Nəcəfov 1999-cu il dekabrın 17-də vəfat edib.

XS
SM
MD
LG