Accessibility links

Ekspertlər elektrik enerjisinin qiymətinin digər məhsul və xidmətlərin qiymət artımına səbəb olacağını düşünür


Elektrik lampası
Elektrik lampası

Azərbaycan Tarif Şurası “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin müraciətlərini nəzərə alaraq elektrik enerjisinin ölkədaxili tariflərinin artırılması barədə qərar qəbul edib. Nəticədə 1 kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik və ya əvvəlki qiymətlə müqayisədə 16,7 faiz çox müəyyən olunub.Ekspertlər Tarif Şurasının qərarını tənqidlə qarşılayıb.

İqtisad elmləri doktoru Qubad İbadoğlu facebook səhifəsində Tarif Şurasının qəraraını şərh edib:

Hesab edirəm ki, bu artımın başlıca səbəbi xüsusilə də “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin getdikcə pisləşən maliyyə vəziyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin artan xarici borclarıdır. Hələ ötən il "Azərenerji"nin maliyyə vəziyyətinin sağlamlaşdırılması, "Azərişıq", "Azərenerji" və Dövlət Neft Şirkəti arasında qarşılıqlı ödəmələr probleminin tənzimlənməsi məqsədi ilə Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq 2015-ci ilin 1 oktyabr tarixinə "Azərişıq"ın "Azərenerji"yə "Azərenerji"nin Dövlət Neft Şirkətinə yanacağa görə, yaranmış borclarının ödənilməsi məqsədi ilə "Azərişığ"a 416 mln. manat məbləğində büdcə ssudasının və "Azərenerji"nin 1 oktyabr tarixinə dövlət büdcəsinə vergilər üzrə yaranmış 360 mln. manat kreditor borcunun ödənilməsi üçün “Azərenerji”yə uzunmüddətli, aşağı faizli borc verib.

Bu il yanvarın 1-i tarixinə “Azərenerji"nin dövlət büdcəinə borcunun məbləği 780 milyon manat və ya dövlət mülkiyyətində olan vergi ödəyicilərinin ümumilikdə borclarının 68,2 faizini təşkil edib.

Məlumat üçün bidirim ki, Asiya İnkişaf Bankı (AİB) və Azərbaycan hökuməti ölkənin enerji paylama şəbəkəsinin bərpası və genişləndirilməsi məqsədilə 1 milyard dollar məbləğində investisiya proqramı üzrə anlaşma memorandumu imzalayıblar.

Göründüyü kimi hər iki dövlət təşkilatının artan maliyyə öhdəliklərinin müqabilində elektrik enerjisinin qiymətini bahalaşdıran hökümət borc yükünü əhalinin çiyninə yükləyir. Su pulunun bahalaşandan ailə büdcəsində artan kommunal xərclərin payını tarif şurasının elektrik enerjisinin qiyməti ilə bağlı qərarı daha da çoxaldacaq. Bu da onsuz da həm manatın devalvasiyasından və həm də ərzaq inflyasiyasından sonra xüsusilə də aztəminatlı əhalinin sosial vəziyyətini xeyli ağırladıracaq.

Tarif Şurasının son qərarı həmçinin hazırda mövcud olan ikirərəqəmli inflyasiyaya yüksəldici təsir göstərəcək. Bu qərardan sonra istehsal, satış və xidmət xərcləri artacaq ki, son nəticədə də əlavə məsrəflər məhsulun və xidmətin satış qiymətini bahaşdıracaq. Bu qərar metroda və dəmiryol nəqliyyatında gediş haqlarını bahalaşdıra bilər.

Hesab edirəm ki, hökümət elektrik enerjisinin qiymətinin bahalaşdırmamışdan əvvəl diferensial yanaşma ilə bağlı qərar qəbul etməli, gecə və gündüz üçün fərqli tariflər, eləcə də adambaşına 250 kilovata və ondan yuxarı elektrik enerjisi istehlak edən əhali qrupları üçün müxtəlif qiymətlər tətbiq etməlidir.

Müqayisə üçün qeyd edim ki, əhali qrupu üçün Qırğızıstanda 1 kilovat saat eletrik enerjisi 1,1 sent, Azərbaycanda 4,4 sent , Qazaxıstanda 4,7 sentdir.

İqtisadçı Rövşən Ağayev isə facebook səhifəsində yazı rki, içməli su tariflərinin ardınca elektrik enerjisinin qiymətinin artırılması devalvasiyadan sonra iqtisadiyyatın iflyasiya həssaslığını əhəmiyyətli dərəcədə yüksəlib.

Belə şəraitdə tarifləri dövlət tərəfindən tənzimlənən məhsulların (xidmətlərin) qiymətinin artırılması baza inflyasiyasını artırmaqla ölkədə ümumi qiymət səviyyəsinin yüksəlməsini şərtləndirir.

Bəs "1 qəpiklik!" artım iqtisadiyyat və ev təsərrüfatları üçün əlavə nə qədər xərc yaradacaq?

Rəsmi məlumata görə, hazırda ölkə üzrə təxminən 17 milyard kv.saat elektrik enerjisi istehlak edilir. Bu köhnə tariflərlə 1.020 milyard manat edirdi. Yeni tariflərlə 1.190 milyard manat edəcək. Yəni 1 qəpiklik artım iqtisadiyyat və ev təsərrüfatları üçün əlavə 170 milyon manat xərc yaradacaq.

Əhalinin enerji istehlakı təxminən 7 milyard kv.saat, iqtisadiyyatın sektorlarının istehlakı isə 9 milyard kv.saat təşkil edir. Artan tarifə görə xərclərin 70 milyon manatını ailələr, 100 milyon manatını isə müəssisə və təşkilatlar ödəyəcək.

Aydındır ki, müəssisə və təşkilatlar öz artan xərclərini məhsul və xidmətlərin qiymətinə əlavə etməklə əhalidən alacaqlar. Nəticədə əhali təkcə özü istehlak elədiyi 7 milyard kv.saata görə deyil, iqtisadiyyatdan aldığı məhsul və xidmətlərin yaradılmasına sərf edilən enerjiyə görə də xərcə düşəcək.

Azərbaycanda 2.5 milyon enerji alan ailə təsərrüfatının olduğunu nəzərə alsaq, "1 qəpiklik!" artım birbaşa və dolayı yolla (inflyasiya nəticəsində) hər bir ailəyə ayda təxminən 7-8 manat zərər vuracaq.

"1 qəpiklik!" artıma kiçik deyib keçməyin - enerji şəbəkəsinə 170 milyon manat əlavə vəsait gətirəcək.

XS
SM
MD
LG